Yeni Zelandiyada əmək bazarının tələblərinə uyğun yeni fənlər tədris olunacaq
Yeni Zelandiyada orta məktəblərin yuxarı siniflərində əmək bazarının tələblərinə uyğun 9 yeni peşəyönümlü fənn tədris olunacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, yeni fənlər 2029-cu ildən qüvvəyə minəcək və ölkədə hazırda tətbiq olunan NCEA (Milli Təhsil Nailiyyətləri Sertifikatı) sistemini əvəz edəcək yeni kvalifikasiya modelinin tərkib hissəsi olacaq.
Yeni proqram çərçivəsində aşağıdakı fənlərin hazırlanması nəzərdə tutulur:
– Yeni nəsil istehsal texnologiyaları (Next-Gen Manufacturing);
– Tətbiqi intellektual sistemlər (Applied Intelligent Systems);
– Tikinti və tikilmiş mühit (Construction and Built Environment);
– Enerji və infrastruktur (Energy and Infrastructure);
– Mühəndislik texnologiyaları (Engineering Technology);
– Qida və kənd təsərrüfatı sistemləri (Food and Fibre Systems);
– Səhiyyə xidmətləri və qayğı (Health Services and Care);
– Qonaqpərvərlik, qida və içki xidməti (Hospitality, Food and Beverage);
– Turizm (Tourism).
Təhsil naziri Erika Stenford bildirib ki, fənlərin məzmunu sənaye bacarıqları şuraları tərəfindən hazırlanacaq və bu yanaşma məktəbi bitirən gənclərin əmək bazarının ehtiyaclarına uyğun bilik və bacarıqlarla təmin olunmasına xidmət edəcək. Onun sözlərinə görə, məzunlar məktəbdən sonra işə, peşə təhsilinə, şagirdlik proqramlarına və ya universitetə daha hazırlıqlı şəkildə keçid edə biləcəklər.
Nazir əlavə edib ki, gələcəkdə yeni sənaye sahələrini əhatə edən başqa fənlərin də proqrama daxil edilməsi mümkündür. Bununla belə, bütün məktəblərin doqquz fənnin hamısını təklif etməsi məcburi olmayacaq. Bəzi məktəblər bu məqsədlə birgə fəaliyyət göstərə və ya yerli peşə təhsili mərkəzləri ilə əməkdaşlıq edə biləcəklər.
Sənaye nümayəndələri isə islahatı müsbət qiymətləndirirlər. Onların fikrincə, yeni fənlər şagirdlərə əvvəllər tanımadıqları peşə sahələrini kəşf etməyə, əmək bazarında kadr çatışmazlığı olan istiqamətlərə marağın artmasına və məktəbdən məşğulluğa keçidin asanlaşmasına kömək edəcək.
Yeni Zelandiya Orta Məktəb Direktorları Şurasının sədri Stiv MakKraken də hesab edir ki, yeni fənlər ənənəvi akademik dərslərə maraq göstərməyən şagirdlər üçün alternativ yaradacaq və məktəbi vaxtından əvvəl tərk edənlərin sayının azalmasına müsbət təsir göstərə bilər. Bununla belə, o da etiraf edib ki, 2029-cu ilədək bütün hazırlıq işlərini başa çatdırmaq asan olmayacaq.




