Yeni Zelandiyada müəllim namizədlər təhsil alarkən məktəbdə işləyəcəklər

3 Avqust, 2026 - 10:15
Yeni Zelandiyada müəllim namizədlər təhsil alarkən məktəbdə işləyəcəklər

Yeni Zelandiya hökuməti müəllim hazırlığını gücləndirmək və müəllim çatışmazlığını aradan qaldırmaq məqsədilə məktəb əsaslı təlim proqramının genişləndirilməsinə və müəllimlərin dəstəklənməsi mexanizmlərinə 21,7 milyon Yeni Zelandiya dolları (təxminən 13 milyon ABŞ dolları) ayıracaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, vəsait beş il ərzində Məktəbdə Təlim Proqramının (School Onsite Training Programme) genişləndirilməsinə və müəllimlərin işə cəlbini təşviq edən "Teacher Bonding Scheme" proqramı çərçivəsində əlavə yerlərin yaradılmasına sərf olunacaq.

Proqram çərçivəsində müəllim namizədləri formal təhsillərini davam etdirərkən həftənin üç gününə qədər məktəblərdə praktik fəaliyyət göstərirlər. 2027-ci ildən proqram iştirakçılarına təhsil haqqı və yaşayış xərclərinin qarşılanmasına kömək məqsədilə 20 660 Yeni Zelandiya dolları (təxminən 12,4 min ABŞ dolları) məbləğində təqaüd veriləcək.

Hökumət 2025-ci ildən proqramı ibtidai sinif müəllimlərinin hazırlığını da əhatə edəcək şəkildə genişləndirsə də, son əmək bazarı göstəricilərinə əsasən ibtidai sinif müəllimlərinin sayında müəyyən artım müşahidə olunduğundan, gələcəkdə yerlərin daha çox orta məktəb müəllimlərinin hazırlanmasına yönəldilməsi nəzərdə tutulur. Eyni zamanda, müəllim çatışmazlığının müşahidə olunduğu konkret fənlər üzrə də hədəfli hazırlıq aparılacaq.

Proqram ucqar və kənd ərazilərində yaşayan namizədlər üçün də uyğunlaşdırılıb. Onlayn təhsil imkanları sayəsində onlar yaşadıqları icmaları tərk etmədən müəllim hazırlığı keçə biləcəklər.

Yeni Zelandiyanın Təhsil İcmal Ofisinin (Education Review Office) hesabatına əsasən, məktəb direktorlarının cəmi beşdə biri yeni məzun olmuş müəllimləri sinifdə işləməyə tam hazır hesab edir. Hökumət hesab edir ki, məktəblərdə daha çox praktik təcrübə və təcrübəli müəllimlərin mentorluğu bu problemi aradan qaldıracaq.

Bundan əlavə, "Teacher Bonding Scheme" proqramı üzrə yerlərin sayı da artırılır. 2026–2027-ci tədris ili üçün iştirakçı sayı 185-dən 235-ə yüksəldiləcək. Bu proqram müəllim çatışmazlığı yaşayan məktəblərə ixtisaslı müəllimləri cəlb etmək və onları həmin bölgələrdə saxlamaq məqsədi daşıyır.

Nazir Erika Stenford bildirib ki, son illərdə müəllimlik peşəsinə maraq da artıb. 2025-ci ildə müəllim hazırlığı proqramlarına ilk dəfə qəbul olunanların sayı 30 faizədək yüksəlib, ölkədə fəaliyyət göstərən müəllimlərin ümumi sayı isə 2004-cü ildən bəri ən yüksək səviyyəyə çatıb. Onun sözlərinə görə, bu investisiyalar xaricdən müəllim cəlb edilməsindən asılılığı azaltmağa və ölkədə dayanıqlı müəllim potensialının formalaşdırılmasına xidmət edəcək.