“Yeniyetmələr ailələrindəki davranış modellərini təkrarlayırlar” – Psixoloqdan açıqlama
Son dövrlər məktəblərdə şagird davranışları ilə bağlı narahatedici tendensiyalar – aqressiya, bullinq halları və psixoloji gərginlik daha çox müzakirə olunmağa başlayıb. Bu isə məktəb mühitində təhlükəsizliyin təmin olunması və uşaqlara vaxtında psixoloji dəstəyin göstərilməsi məsələsini yenidən gündəmə gətirir.
Bu prosesdə məktəblilərlə ən yaxın təmasda olan tərəflərdən biri Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaqların Müdafiəsi İdarəsinin mütəxəssisləridir. Onlar məktəblərdə baş verən hadisələri birbaşa izləyir, şagirdlərlə gündəlik işləyir və yaranan problemlərə yerində müdaxilə edirlər.
Bəs mütəxəssislər mövcud vəziyyəti necə qiymətləndirir? Şagirdlərdə aqressiyanın kökündə hansı amillər dayanır, ən çox hansı problemlərlə qarşılaşırlar və vəziyyətdən çıxış üçün hansı həll yollarını təklif edirlər?
“Zorakılıq hallarının geniş yayılması uşaqların psixikasına mənfi təsir edir”
Uşaqların Müdafiəsi İdarəsinin psixoloqu Nərmin Abbasova “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan mənfi məzmun müəyyən mənada “model effekti” yaradır. Uşaq və yeniyetmələr bu cür davranışları görərək onları təkrarlamağa meyil edə bilirlər: “Son dövrlərdə aqressiya səviyyəsinin artması və insanlar arasında zorakılıq hallarının çoxalması ilə bağlı xəbərlərə tez-tez rast gəlirik. Xüsusilə sosial şəbəkələrdə uşaqlarla bağlı hadisələrin böyük və emosional başlıqlarla təqdim olunması cəmiyyətdə bu tendensiyanın daha da gücləndiyi təəssüratını yaradır. Halbuki şagirdlər arasında münaqişələr hər zaman mövcud olub. Sadəcə bu gün informasiya daha sürətli və geniş yayılır, bu da məsələnin miqyasını olduğundan daha böyük kimi göstərir. Bu baxımdan, zorakılıq hallarının geniş şəkildə və nəzarətsiz yayılması uşaqların psixikasına mənfi təsir edir. Məlumatlandırma vacib olsa da, bu prosesin düzgün və məsuliyyətli şəkildə aparılması xüsusi əhəmiyyət daşıyır.
Digər mühüm məqamlardan biri də internet mühitində yayılan zorakılıq formalarıdır. Xüsusilə kiberbullinq halları diqqət çəkir. Uşaqlar virtual mühitdə real həyatda etməyəcəkləri davranışlara daha asanlıqla yol verirlər. Bu isə aqressiyanın və qəddarlığın artmasına səbəb olur. Bundan əlavə, izlənilən kontentin də təsiri böyükdür. Aqressiv məzmunlara davamlı məruz qalmaq uşaqlarda bu davranışlara qarşı həssaslığın azalmasına və onların təqlid olunmasına gətirib çıxarır”.
“Ailə mühiti də aqressiv davranışların formalaşmasında mühüm rol oynayır”
Psixoloq bu prosesdə ailənin rolundan danışaraq qeyd edir ki, ailə mühiti də aqressiv davranışların formalaşmasında mühüm rol oynayır: “Uşaq və yeniyetmələr davranış modellərini, ilk növbədə, ailədə müşahidə edir və təkrarlayırlar. Ailədaxili münaqişələr, emosional soyuqluq və ya həddindən artıq sərt nəzarət uşağın daxili gərginliyini artıra və bunu aqressiya ilə ifadə etməsinə səbəb ola bilər. Eyni zamanda, dəstəkləyici və anlayışlı ailə mühiti isə emosiyaların daha sağlam şəkildə ifadə olunmasına şərait yaradır.
Aqressiyanın bir sıra səbəbləri mövcuddur. Bunlardan biri təsdiq olunma və diqqət görmə ehtiyacıdır. Uşaqlar və yeniyetmələr bəzən özlərini görünən və dəyərli hiss etmək üçün aqressiv davranışlara müraciət edə bilirlər. Bu xüsusilə emosional ehtiyacları qarşılanmadıqda daha qabarıq şəkildə özünü göstərir”.
“Məktəb–valideyn əməkdaşlığı uşağın sağlam inkişafının formalaşmasında vacibdir”
N.Abbasovanın sözlərinə görə, azyaşlılarda aqressiyanın digər bir səbəbi də sərhədlərin qeyri-müəyyənliyidir. Yeniyetməlik dövründə zarafat, oyun və zorakılıq arasındakı sərhədlər bəzən aydın olmur və bu səbəbdən davranışın qarşı tərəfə necə təsir etdiyi düzgün qiymətləndirilməyə bilər: “Bundan əlavə, konstruktiv ünsiyyət bacarıqlarının zəif inkişafı da aqressiyanın yaranmasına səbəb olur. Şəxs emosiyalarını sözlə ifadə etməkdə çətinlik çəkdikdə, bu gərginlik davranış səviyyəsində – aqressiya şəklində ortaya çıxa bilər.
Məktəb–valideyn əməkdaşlığı uşağın sağlam inkişafı və davranışının formalaşmasında vacib amillərdən biridir. Müəllim və valideyn arasında müntəzəm əlaqə olduqda uşağın ehtiyacları daha düzgün müəyyən olunur və problemlərə vaxtında müdaxilə etmək mümkün olur. Qarşılıqlı etimad və açıq ünsiyyət həm tədris nailiyyətlərinə, həm də emosional rifaha müsbət təsir göstərir. Bu əməkdaşlığın zəif olduğu hallarda isə anlaşılmazlıqlar arta və bu da uşağın davranışına, o cümlədən aqressiv reaksiyalara təsir edə bilər”.
Mütəxəssis Uşaqların Müdafiə İdarəsinin mütəxəssislərinin bu prosesdə oynadığı roldan bəhs edərək bildirir ki, İdarənin fəaliyyəti çərçivəsində əsas prioritet şagirdlərin rifahının qorunmasıdır: “UMİ-nin əməkdaşları məktəblərdə mütəmadi müşahidələr aparır, gərginlik və konflikt hallarında operativ müdaxilə edərək tərəfləri sakitləşdirir və onları konstruktiv dialoqa yönləndirirlər. Eyni zamanda, Uşaqların Müdafiəsi İdarəsinin və məktəb psixoloqlarının iştirakı ilə əməkdaşlıq qurulur, zəruri hallarda şagirdlər psixoloji konsultasiyaya yönləndirilir.
Psixoloqlar tərəfindən fərdi konsultasiyalar keçirilir, şagirdlər arasında sağlam münasibətlərin formalaşdırılması üçün müxtəlif təlim və treninqlər təşkil olunur. Xüsusilə bullinq və kiberbullinqin qarşısının alınması istiqamətində maarifləndirici tədbirlər həyata keçirilir. Bununla yanaşı, UMİ-nin mütəxəssisləri kibertəhlükəsizlik sahəsində preventiv tədbirlər görürlər.
Uşaqların Müdafiəsi İdarəsi çərçivəsində şagirdlərin bacarıqlarını üzə çıxarmaq və onları müsbət fəaliyyətlərə yönləndirmək məqsədilə müxtəlif tədbirlər: rəsm sərgiləri, intellektual oyunlar, idman yarışları təşkil olunur. Bu fəaliyyətlər uşaqların güclü tərəflərini inkişaf etdirməyə və özlərini düzgün şəkildə ifadə etmələrinə imkan yaradır”.
Müsahibimiz qeyd edir ki, ümumiyyətlə, insanların sıx olduğu mühitlərdə şəxslərarası münaqişələrin baş verməsi qaçınılmazdır, lakin bu halların vaxtında aşkar olunması və düzgün müdaxilə edilməsi onların mənfi nəticələrinin azalmasına kömək edir.



