Zəfər Gününə həsr olunmuş idman yarışları keçirilir
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə peşə təhsili müəssisələrinin tələbələri arasında 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş minifutbol və basketbol üzrə turnirə start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, turnirdə minifutbol üzrə 16, basketbol üzrə isə 8 peşə təhsili müəssisəsinin komandası iştirak edir. Yarışlara ümumilikdə 300-ə yaxın tələbə qatılıb. Müsabiqəyə noyabr ayında yekun vurulacaq.
Qalib komandalar Elm və Təhsil Nazirliyi tərəfindən mükafatlandırılacaq. I, II və III yerlərə layiq görülən komandalar medal və hədiyyələrlə təltif ediləcəklər.
Qeyd edək ki, turnirlərin məqsədi tələbələr arasında dostluq və komanda ruhunu gücləndirmək, minifutbol və basketbola marağı artırmaq, 44 günlük Vətən müharibəsində qazanılmış qələbənin əhəmiyyətini gənclərə çatdırmaq və onlarda vətənpərvərlik ruhunu möhkəmləndirməkdir.


