İvanovka məktəbi yenilənir: Nələr dəyişir? - REPORTAJ
Növbəti tədris ilindən İsmayıllı rayonunda Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına veriləcək. Artıq 1 ildir ki, təmiri davam edən məktəbdə hansı işlər görülüb? Tikinti-təmir indi hansı mərhələdədir?
“Azərbaycan müəllimi” məktəbdə olub və yenilənən təhsil ocağında nələrin dəyişəcəyi ilə də maraqlanıb.
Məktəbdə tikinti davam edir: “Hazırda tamamlama işləri gedir”
Məktəbə sarı yönələr-yönəlməz “hara düşdüm” deyib kiçik şok keçirirsiniz. Tikinti meydançasını xatırladan mənzərədə İsmayıllının ecazkar görkəmindən, İvanovkanın səliqə-səhmanından əsər-əlamət görə bilməzsiniz. Məktəb həyətində şagirdlər yox, ağır inşaat texnikası var-gəl edir, ətrafa şagirdlərin yox, onların səsi yayılır. Tikinti gedir axı, başqa necə olmalıdır ki?
Ulu öndər Heydər Əliyevin məktəb binasının önündəki büstü ətrafında uşaqlar olmadan da əzəmətli görünür. Arxasında nəhəng məktəb binası ilə sanki təhsilə, məktəbə sahib çıxır, özü həyatda ikən olduğu kimi.
Beləliklə, məktəbin həyətinə girən kimi hələ işlərin davam etdiyini anlayırsınız. Şagirdlərin xoş əhval-ruhiyyəli şaqraq səsi əvəzinə traktorların gurultu çıxartdığı yerdə qarşımıza təbii olaraq ilk çıxan briqadir olur.
İvanovka kənd məktəbində təmir-tikintini “S.H İnşaat Xidməti” MMC həyata keçirir. Şirkətin əməkdaşı, İvanovka kənd məktəbinin tikintisi üzrə briqadir Ramazan Hacıyev “Azəırbaycan müəllimi”nə məlumat verib ki, 2025-ci ilin noyabr ayından əsaslı təmir-tikinti işlərinə başlanılıb: “Məktəbin dam örtüyü dəyişdirilib, divarları tamamilə yenilənib. Döşəmələri işlənib. Elektrik avadanlıqları, xətləri tamamilə yenilənib. İnternet xətləri qoyulub. Pilləkən qəfəsləri, qapılar yenilənib, idman zalı yenidən qurulub. Hazırda tamamlama işləri gedir”.
Üzgüçülük hovuzu olacaq
Əsas iş məktəbin həyətində görülür: “Asfalt örtüyünün vurulmasına hazırlıq gedir. Məktəbin yardımçı tikililərində görüləcək işlər qalıb. Qazanxana üçün avadanlıqlar yenilənir, nasosxana quraşdırılır. İstilik xətləri çəkilir”.
Üzgüçülük üçün hovuz binası da hazırdır. Beynəlxalq standartlara uyğun olan hovuzda həm qızlar, həm də oğlanlar üçün otaqlar var, giriş-çıxışlar ayrıdır. Kifayət qədər böyük olan bu binada da dam örtüyü yenilənib, bina izolyasiya olunub, qapı-pəncərə sistemi, sanitar qovşaqlar qurulub. Hovuzun avadanlıqları 1 ay içərisində tamamilə işlək vəziyyətə gətiriləcək”.
Yay tətilidir, məktəbdə tikinti-bərpa işləri tamamlanmayıb, amma direktor buradadır. İvanovka kənd tam orta məktəbinin ilk azərbaycanlı direktoru Əfqan Soltanov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, məktəb binasının təmirə ciddi ehtiyacı yaranmışdı:
“Müəyyən qədər problemlər vardı, lakin güclü küləklər məktəbin dam örtüyündə problemləri daha da artırdı. Biz də bununla bağlı müraciət etdik və müraciətimizə dərhal reaksiya verildi. Qərar belə oldu ki, məktəb əsaslı təmir olunsun. Təmir aparıldığı 1 il ərzində təhsili kənddəki Ailə Sağlamlıq Mərkəzində təşkil etdik”.
Məktəbdə 7 millətin nümayəndəsi təhsil alır
Ötən tədris ilində məktəbdə nə ilk, nə də son zəng çalınıb. Çünki məktəbin öz binası bağlı olub. Amma Ailə Sağlamlıq Mərkəzində fəaliyyət göstərən təhsil müəssisəsi öz missiyasını layiqincə yerinə yetirib: “Məktəbdə 7 millətin nümayəndəsi təhsil alır. 321 şagirdi olan məktəbdə oxuyanların əksəriyyəti rus uşaqlardır. Onlardan başqa azərbaycanlılar, ləzgilər, kürdlər, tatlar, hapıtlar, ukraynalılar təhsil alırlar. 22 sinif komplektindən 11-də tədris rus, 11 sinifdə isə Azərbaycan dilində təşkil edilib”.
Məktəb direktoru məlumat verib ki, şagirdlərin təlim-tərbiyəsi ilə 38 pedaqoq məşğul olur. Pedaqoqların keyfiyyət göstəricilərindən danışan direktot bildirib ki, sertifikatlaşrıma prosesindən uğurla keçən müəllimlər arasında 58 bal toplayanlar var.
Məktəbin keyfiyyət göstəriciləri isə şagirdlərinin ali təhsil müəssisələrinə qəbul olunma faizi ilə ölçülür. Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərən məktəb şagirdləri öz təhsil ocaqlarının həmişə fərqlənməsinə nail olublar:
“Ötənilki buraxılışda məzunlarımız həm universitetlərə, həm də orta ixtisas və peşə təhsili müəssisələrinə qəbul olunublar. Azərbaycan, Rusiya və Türkiyənin universitetlərində təhsil alan gənclərimiz var”.
Şagirdlərin təhsillə yanaşı, idmanda da nailiyyətləri olub. IX sinif şagirdi Marina Akimova Makedoniyada veloyürüşə qatılıb.
Məktəbin böyük idman ənənələri olduğunu vurğulayan direktor qızlar arasında əl topu üzrə ölkə çempionunun olduğunu da xatırladıb: “Çalışırıq ki, həmin ənənəni qaytaraq”.
Məktəbin öz binasına qayıdandan sonrakı planlar böyükdür: üzgüçülük hovuzu ilə dünya su hövzələrinə çıxacaqlar
Növbəti tədris ili üçün “İlk zəng”i çalmağa hazırlaşırlar. Bu ilk zəngdən sonra məktəbdə 787 şagird oxuya biləcək. Sadəcə şagird yeri artmayacaq, məktəbin aşılayacağı bacarıqların da sayı çoxalacaq. Belə ki, yeni tədris ilindən məktəb şagirdləri üzgüçülüyü də öyrənəcəklər. Belə ki, 2006-cı ildən tikilən, amma heç vaxt fəaliyyət göstərməyən üzgüçülük hovuzu artıq su ilə dolacaq: “Beynəlxalq standartlara uyğun hovuzumuz var, mütəxəssis olmadığı üçün indiyədək heç vaxt fəaliyyət göstərməyib. İstifadə edilmədiyi üçün də yararsız hala düşmüşdü. Artıq üzgüçülük üzrə də öz sözümüzü deməyə çalışacağıq”.
“Məktəbin qürur duyduğu ənənələrindən biri də təhsildən yayınma hallarının olmamasıdır”, - deyən direktorun sözlərinə görə, təhsili harda təşkil etmələrindən asılı olmayaraq şagirdlər bir nəfər kimi məktəbdə olur.
1 ay sonra İsmayıllı rayon Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbi əsaslı təmirdən sonra istifadəyə verilir. Rayon ərazisində bundan sonra təmirə çox ciddi ehtiyac duyulan 2 məktəb qalacaq. T. Xanadanov adına Qalacıq kənd tam orta məktəbi və hacıhətəmli kənd məktəblərinin təmirə, şəhər 1 nömrəli tam orta məktəbin isə yeni binaya ehtiyacı var.
Foto: Kənan QAFAROV




