Qobustan məktəbində nə baş verib? – İdarədən AÇIQLAMA
Sosial şəbəkələrdə Qobustan rayonu Ərəbşahverdi kənd ümumi orta məktəbinin müəlliminin direktora qarşı uyğunsuz davranışını əks etdirən videogörüntü yayılıb.
"Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Dağlıq Şirvan Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən video ilə bağlı araşdırma aparılıb.
Araşdırma nəticəsində görüntülərdəki hadisənin 30 oktyabr 2025-ci il tarixində baş verdiyi məlum olub.
İdarənin açıqlamasında bildirilir ki, “Təhsilverənlərin etik davranış qaydaları”nı pozduğuna görə təhsil müəssisəsi rəhbərinin müvafiq əmrinə əsasən, həmin müəllim barəsində intizam tənbehi tədbiri görülüb: "Bununla yanaşı bildiririk ki, təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsi, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin düzgün idarə olunması, təhsilverənlərin nüfuzunun yüksəldilməsi vacib istiqamətlərdəndir və bu məsələlər daim diqqətdə saxlanılır", – deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, videogörüntülərdə müəllimin direktora qarşı fiziki zorakılıq nümayiş etdirdiyi və təhqiramiz ifadələr işlətdiyi əks olunub.


