1918-ci il Mart hadisələri: Azərbaycanlılara qarşı soyqırımı
XX əsrin əvvəlləri Azərbaycan xalqı üçün bir çox məhrumiyyətlərlə yadda qalmışdır. Buna səbəb kimi ermənilərin Azərbaycan torpaqlarına köçürülməsindən sonra bölgə uğrunda aparılan mübarizə, əsasız ərazi iddiaları, təbii sərvətlərə yiyələnmək faktoru idi. 1918-ci ildə türk-müsəlman əhalisinə qarşı törədilən cinayətləri üzə çıxarmaq Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndən sonra mümkün olmuşdur.
1917-ci ilin oktyabr inqilabından sonra Bakı şəhərində hakimiyyət bolşeviklərin nəzarətinə keçdi. 1917-ci ilin sonu – 1918-ci ilin əvvələrində Bakıda daşnak-bolşevik birləşmələrinin milli qüvvələrə qarşı açıq mübarizəsi getdikcə geniş vüsət alırdı. 1917-ci ilin dekabrında Rusiya Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin tərəfindən Qafqazın Fövqəladə Komissarı təyin olunmuş S.Şaumyanın Korqanovanın başçılıq etdiyi Hərbi İnqilab Komitəsi ilə birlikdə Tiflisdən Bakıya gəlişi buradakı siyasi vəziyyəti daha da gərginləşdirdi. Qafqaz cəbhəsindən geri qayıdan əsgərlər vətənlərinə qayıtmaq əvəzinə Bakıda toplaşdı. Bu əsgərlərin Bakıda saxlanmasında Şaumyan böyük fəallıq göstərirdi. 1918-ci ilin əvvəllərindən etibarən Stepan Şaumyanın rəhbərliyi altında Bakı Soveti regionda siyasi üstünlük əldə etmək üçün müxtəlif silahlı qüvvələrdən istifadə edirdi. Bu məsələlərdə erməni təşkilatları, xüsusilə, “Daşnaksütun” partiyaları üstünlük təşkil edirdi. Silahlı ermənilərin Bakıya gətirilməsi və burada lazımi ana qədər onların idarə olunması təsadüfi deyildi. Birinci Dünya müharibəsində cəbhəni tərk edən ermənilərin koordinasiya olunması təşkilatı məsələ olmaqla yanaşı, onların qida, ərzaq, geyim, silah təminatı da bu təşkilati məsələlərin tərkibində idi. 1918-ci ilin əvvəllərindən etibarən Azərbaycan da siyasi qüvvələr arasında mübarizə, milli oyanış, müstəqilliyə gedən yolda ideoloji xəttin daha da genişlənməsi kimi təbliğatın artması erməni-bolşevik birliyini ciddi narahat edirdi.
1918-ci ilin yanvar ayından etibarən Bakıda və Cənubi Qafqazın digər ərazilərində müsəlmanlara qarşı qırğın törətmək üçün bütün vasitələrə əl atılırdı. Həmçinin Bakı Sovetinin idarələrinə əsasən ermənilər yerləşdirilirdi. 1918-ci ilin martında Bakıda siyasi vəziyyət son dərəcə gərgin idi. Bakı Sovetinə keçirilən seçkilərdə “Müsavat”ın böyük səs çoxluğu ilə qələbə qazanması bolşevikləri və daşnakları ciddi narahat edirdi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilən “Müsavat” Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda inamla mübarizə aparırdı. Şaumyan başda olmaqla bolşevik qüvvələri Erməni Milli Şurası və “Daşnaksütun” partiyasının rəhbərliyi ilə birlikdə “Müsavat”a qarşı əsl müharibəyə başladılar.
Mart ayının əvvəllərindən etibarən rus Milli Şurasının Cənubi Qafqazın xristian əhalisinə müraciətində mart ayının 11-dən 18-nə qədər 19-25 yaşlarında olan bütün rus gənclərinin hərbi səfərbərliyə alındığı bildirilirdi. “Qırmızı Qvardiya” adı ilə yaradılan 12. mindən yuxarı ordunun 70 faizinin ermənilər olduğu bildirilirdi. Eyni zamanda Xəzər dəniz donanmasında rus əsgərlər arasında ciddi təbliğat aparılırdı. Erməni-bolşevik hərbi birləşmələrinin Bakıda qırğına başlamalarına səbəb kimi Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən zabit oğlu Məhəmməd Tağıyevin dəfnindən sonra geri qayıtmaq istəyən əsgər və zabitlərin tərksilah olunması ilə iğtişaşlar başladı.
1918-ci il 30 martdan aprelin 3-dək Bakı şəhərində başlayan Azərbaycan xalqına qarşı soyqırımı qısa müddətdə geniş əraziyə yayıldı. Bakıda baş verən qırğınlarda erməni-bolşevik hərbi birləşmələri silahsız və günahsız insanlara divan tutur, olmazın əzablar verirdilər. Bu hadisələrdə qadınlar, uşaqlar, qocalar amansız şəkildə cəzalanırdılar. Ermənilər ağlagəlməz cəza üsullarından istifadə etməklə əhalidə qorxu yaradırdılar. Həmçinin şəhərin müxtəlif yerlərində tikililərin, məscidlərin yandırılması kimi hallar adi hal almışdır. Bütün bunlardan belə qənaətə gəlmək mümkündür ki, baş verən bu cinayətlər bir dəstə başıpozuq dəstənin işi deyil, mütəşəkkil, ideoloji cəhətdən antiazərbaycan əhvali-ruhiyyədə köklənmiş, türk-müsəlman düşmənçiliyi təbliğatı və müxtəlif odlu silahlarla təchiz olunmuş mütəşəkkil ordunun fəaliyyəti idi. Burada fərq ondadır ki, müharibə aparan nizami ordu belə vəhşiliklər törətməz qadın, qoca, uşaq qatilinə çevrilə bilməzdi. Bu ermənilərə məxsus, riyakar, insanlıqdan uzaq olan düşmən qüvvələrin törətdiyi vəhşiliklər idi. Bakıda baş vermiş qırğınlar, soyqırımı təkcə Abşeron yarımadası ilə kifayətlənmədi. Tez bir zamanda Azərbaycanın bir çox ərazilərində bu qətl və qarətlər davam etdirildi. Azərbaycanlılara qarşı soyqırımı Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Zəngəzur, Naxçıvanda davam etdirildi. Qeyd olunan ərazilərdə sistemli şəkildə qırğınlar törədilmişdir.
Zəngəzur istiqamətində ermənilər yüzlərlə kəndi yer üzündən silmiş, insanlarını qətliama məruz qoymuşdular. Bu qırğınlarda nə qədər insanın məhv edilməsi dəqiqləşdirilməmişdir. Bakıda baş vermiş soyqırımı siyasətini saxtalaşdıraraq “vətəndaş müharibəsi” adı ilə verməyə çalışan Şaumyan aprel ayının 13-də Moskvaya məlumat verərək bildirirdi ki, Bakı şəhərində şiddətli vuruşma olmuşdur. Bir tərəfdən Sovet Qırmızı Qvardiyası, bizim təşkil etdiyimiz Beynəlmiləl Qırmızı Ordu, Qırmızı Donanma və erməni milli hissələri, o biri tərəfdən “Müsavat” partiyasının başçılıq etdiyi... müsəlman “Vəhşi” diviziyası və quldur dəstələri vuruşurdular. O, davam edərək bildirir ki, bizə aviasiya məktəbinin hidroaeroplanları da köməklik göstərirdi. Buradan aydın görünür ki, Şaumyan bu qırğınları, soyqırımı törətmələri barədə hesabat verdiyi mərkəzlərdən tapşırıq almışdır.
Soyqırımıdan bir müddət sonra Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə İstintaq Komissiyasının fəaliyyəti haqqında araşdırmalar öz işinə başlamışdır. Həmin dövrdə cümhuriyyətin Xarici İşlər naziri M.H.Hacınski hökumətə məruzə ilə müraciətində qeyd edirdi ki, Azərbaycan ərazilərinin müxtəlif bölgələrində bolşevik adı altında erməni silahlı birləşmələrinin “müsəlman əhalinin həyatına və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədildiyini qeyd edirdi”. 1918-ci il iyulun 15-dən 1919-cu il noyabrın 1-nə qədər fəaliyyət göstərmiş Fövqəladə təhqiqat Komissiyası azərbaycanlıların həyatına və əmlakına qarşı törədilmiş cinayətin təfərrüatlarını tədqiq etmişdir. Fövqəladə təhqiqat komissiyası 36 cild və 3500 vərəqdən ibarət olan material toplamışdı. Sonradan bu soyqırımıda iştirak etmiş cinayətkarların cəzalandırılması istiqamətində hökumət fəaliyyətə keçəndə Bakıda “Erməni Milli Şurası” və “Daşnaksütun” partiyası müqavimət göstərməyə başlamışdır.
Tədqiqatlardan görünür ki, soyqırımı zamanı müsəlmanların əmlakları da düşmən qüvvələr tərəfindən dağıdılıb, yandırılırdı. Təhqiqat Komissiyasının materiallarında işgəncələrlə bağlı dəhşətli rəqəmlər vardır. Bu məsələlər dövrün tarixçiləri və o dövr tədqiqatçıları tərəfindən dövriyyəyə gətirilir. Bunları təhlil edib geniş şəkildə yayılması və ona münasibət hər zaman aktual olmalıdır ki, erməni-bolşevik birliyinin vəhşi əməlləri heç zaman unudulmasın. Tarixçi A.İsgəndərovun “1918-1920-ci illərdə Türk-müsəlman əhaliyə qarşı soyqırımı” adlı məqaləsində qeyd olunur: “Nikolay Buniatov” paraxodu komandirinin köməkçisi Kazım Axundov yazır: Nikolayev küçəsindəki meyitlərin yığışdırılmasına başladıq. Onların arasında süngülərlə didik-didik edilmiş və qılıncla tikə-tikə doğranmış 3 müsəlman gimnaziyaçısının, 11 gimnaziyaçı qızın, 1 rus qadınının, 3-5 yaşlarında 3 müsəlman oğlan uşağının, 8 rus kişinin, 19 İran təbəəli müsəlman qadınının və müxtəlif peşə sahibləri olan 67 azərbaycanlının meyitləri var idi.
Bundan başqa, “Vulkan” cəmiyyətinin köhnə yanalma körpüsünə müsəlman kişilərin, qadın və uşaqların 6748 meyiti gətirilmişdir. Axundov öz tanışı texnik Vladimir Sokolovu “Kərpicxana” deyilən yerə aparmışdı. Burada o 3 foto-şəkil çəkmişdi. Birinci şəkildə başında güllə yarası, bədənində beş süngü yarası olan və sağ körpücük sümüyünə qılınc zərbəsi endirilmiş qadın meyiti təsvir olunmuşdur. Onun sağ döşü üstündə hələ sağ olan körpə uzanmışdır. Anasının döşünü əmən bu körpənin ayağında süngü yarası vardır. Tək Bakıda deyil, Qubada baş vermiş hadisələr də tükürpədicidir. Qırğının canlı şahidlərindən birinin dediklərindən. Ermənilər dindarları Qubanın mərkəzinə gətirdilər. Burada amansız şəkildə döyülən insanlar Qubanın ən hörmətli ağsaqqalları sayılırdılar. Amazasp Quba ermənisi Harunu çağırdı. Harun azərbaycanca dedi ki, sünnilər və şiələr hərəsi bir tərəfə çəkilib üz-üzə dursunlar. Elə o cür də durdular. Aralarında 20-30 metr olardı. Sonra iki tüfəng gətirib dedilər ki, onsuz da sizin hamınızı qıracağıq. Kim sağ qalmaq istəyirsə, dediyimizə əməl etsin. Sünnilər və şiələr növbə ilə bir-birilərinə güllə atsın. Sağ qalanlarla işimiz olmayacaq. Birinci iki nəfəri irəli çıxarıb tüfəngləri onlara verdilər. Biri ləzgi Məhəmməd, o birisi isə şiələrin ağsaqqalı Məşədi Mirsadıq idi. Onların heç biri erməni silahını əlinə almaq istəmirdi. Nisbətən cavan olan Məhəmməd heç kimin gözləmədiyi halda geri döndü və atəş açaraq bir ermənini yerə sərdi. Qarışıqlıqdan istifadə edən Məşədi Mirsadıq da bir ermənini öldürdü. Bundan sonra hər tərəfdən avtomat və pulemyotlardan atəş insanları kütləvi qırmağa başladılar. Ölənlərin çoxu qadınlar və uşaqlar idi. Əvvəlcə Məhəmmədin qollarını kəsdilər, sonra ayaqlarını. Başını kəsib süngüyə keçirdilər və hamı görsün deyə yuxarı qaldırdılar. Məşədi Mirsadığın gözlərini çıxardıb, qollarını sındırdılar və boynunu qırdılar. Bütün bunları təhlil etdikdə aydın şəkildə görünür ki, bu cəlladlar uşaqları, qocaları, qadınları belə hansı işgəncə ilə öldürüblər, ağlasığmaz cinayətlər törədiblər.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bu komissiyanın işi demək olar ki, dayandırılmışdır. Sovet hakimiyyətinin sonrakı siyasətində hadisələr ört-basdır edilir, insanlığa qarşı törədilmiş cinayəti xırda toqquşmalar kimi qiymətləndirilirmişdir. Bütün bunların təhlili onu deməyə əsas verir ki, hakimiyyət rəsmiləri soyqırımda rəhbərlik etmiş Stepan Şaumyan haqqında müsbət fikir formalaşdırmışdır. Birmənalı şəkildə onu demək olar ki, iş o həddə çatmışdır ki. Azərbaycan SSR dövründə tarix kitablarında cəllad Şaumyan xalq qəhrəmanı kimi təqdim olunur və müsbət “dəyərlərə malik” rəhbər kimi təqdim olunurdu. Məhz Azərbaycan tarixşünaslığında belə təbliğat təsadüfi sayıla bilməzdi. Onun adına şəhərlər, küçələrin verilməsi soyqırımı cəlladının Sovet dövləti tərəfindən necə qiymətləndirilməsinin əyani şahidi ola bilirik. Onun adına Bakıda bir rayon, Qarabağda bir Muxtar Vilayətin mərkəzi, və Goranboy rayonunun bir hissəsinin kəsilərək yeni bir “Şaumyan” rayonunun yaradılması həqiqətən Sovet siyasi sisteminin birgə fəaliyyəti idi desək heç də yanılmarıq. Ənənəvi ideologiyanın davamı olaraq XX əsrin əvvəllərində baş vermiş soyqırımı ilə əsrin sonunda törədilmiş soyqırımın oxşar və fərqli cəhətlərini müqayisə etmək yerinə düşər. Sovet siyasi sistemi soyqırımı faktlarını gizlətməyə çalışmışdır. Faktları ört-basdır etmiş, təşkilatçını mükafatlandırmışdır. Müxtəlif mənbələr, sənədlər haqqında ümumiləşdirmələr olsa da, obyektiv səbəblər ucbatından o dövrdə ümumilikdə baş vermiş dəhşətli soyqırımına məruz qalan insanların sayı 50 mindən yuxarı olduğu bildirilir.
Azərbaycan öz dövlət müstəqilliyini qəbul etdikdən bir neçə il sonra Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərman verildi. Məhz həmin fərmana görə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi tarixə yazıldı.
Xüsusilə qeyd etmək lazımdır ki, XX əsrin əvvəllərində və əsrin sonunda baş vermiş soyqırımılar bəşəri cinayət olmaqla, erməni faşizminin bariz göstəricisidir. Yekun olaraq bu soyqırımılar arasında müqayisə aparmaqla onu deyə bilərik ki, sonrakı soyqırımında təşkilatçı olan 366-cı alayın yüksək rütbəli zabitlərindən olan Seyran Ohanyan Ermənistan Müdafiə naziri, Serj Sarkisyan və Köçəryan bir-birini əvəzləyərək Ermənistan prezidentləri kimi fəaliyyət göstərmişlər. Bu müqayisələrdən aydın şəkildə görünür ki, soyqırımı təşkilatçılarının himayə olunduğu böyük güclər həmişə cinayətkarları müdafiə etmişdir. Tarixin ağır sınaqlarına baxmayaraq Azərbaycan xalqını məhv etmək mümkün olmadı. Nəhayət Azərbaycan xalqı özündə güc taparaq düşməni diz çökdürərək qələbə qazandı. Bu böyük Qələbəni dünya azərbaycanlılarına bəxş edən Ulu Öndər Heydər Əliyev strategiyasının davamçısı olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusunun əzəmətli gücü oldu. Ali Baş Komandan İlham Əliyevin qüdrəti, xalq-hakimiyyət birliyi, şəhidlərimizin qanı hesabına, qazilərimizin qəhrəmanlığı sayəsində Azərbaycanın suverenliyi bərpa olundu.
Ədalət Mustafayev,
AMEA-nın Tarix və Etnologiya İnstitutunun “Qarabağ müharibəsinin tarixi və Böyük Qayıdış hərəkatı” şöbəsinin müdiri



