23 Çin vətəndaşı Azərbaycan universitetlərində təhsil alacaq
2026–2027-ci tədris ilində 23 Çin Xalq Respublikası vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, tələbələr “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində keçirilən Hökumətlərarası Təqaüd Proqramı (HTP) üzrə təhsil almaq hüququ qazanıblar.
Proqram çərçivəsində Çin vətəndaşları Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Slavyan Universitetində magistratura və doktorantura səviyyələrində təhsil alacaqlar.
Təhsil proqramları təhsil, humanitar və sosial elmlər, təbiət elmləri, həmçinin texniki və texnoloji ixtisas istiqamətlərini əhatə edəcək.
Qeyd edək ki, Hökumətlərarası Təqaüd Proqramları ölkələr arasında akademik mobilliyin genişləndirilməsinə, beynəlxalq təhsil və elmi təcrübə imkanlarının artırılmasına, eləcə də ali təhsil sahəsində əməkdaşlığın inkişafına xidmət edir.




