271 nömrəli məktəbdəki münaqişə ilə bağlı RƏSMİ AÇIQLAMA
Mayın 12-də 271 nömrəli tam orta ümumtəhsil məktəbinin sanitar qovşağında tənəffüs zamanı 2 nəfər IX sinif şagirdi (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) arasında münaqişə baş verib.
"Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq məktəbdən bildirilib ki, bu barədə şagirdlər müəllim və məktəb rəhbərliyinə heç bir məlumat verməyiblər.
"Videogörüntü sosial şəbəkədə yayıldıqdan sonra məsələ məktəb rəhbərliyi tərəfindən araşdırılıb. Fiziki təzyiqə məruz qalan şagird heç bir xəsarət almayıb.
Məktəb rəhbərliyi tərəfindən aidiyyəti qurumlara müraciət olunub. Valideynlər məktəbə dəvət edilib, onlara övladlarının davranışlarına diqqətin artırılması və bu istiqamətdə məktəblə əməkdaşlığın gücləndirilməsi yönündə tövsiyələr verilib".
Açıqlamada həmçinin qeyd olunub ki, məktəb psixoloqu tərəfindən uşaqlarla bağlı müvafiq dəstəkləyici tədbirlərə başlanılıb.
Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsinin nümayəndələri məktəbdə olub, şagird davranış qaydalarına əməl olunmasına diqqət artırılıb, təlim-tərbiyə prosesinə uyğun olmayan hallara qarşı maarifləndirmə işi genişləndirilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, araşdırmalara başlanılıb. Həmçinin hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır.



