“30 nəfər öyrənəcək, 300 nəfər faydalanacaq” – Təhsil liderləri üçün yeni proqram

23 Fevral, 2026 - 10:40
“30 nəfər öyrənəcək, 300 nəfər faydalanacaq”

“Təhsil liderləri üçün mini MBA proqramı” adlı layihəyə start verilir. Bu həftə elan olunacaq layihənin iştirakçıları məktəb direktorları və direktor müavinləri olacaq.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin elan etdiyi “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində reallaşdırılacaq layihənin təhsil liderlərinin iştirakı ilə təşkil edilən açılış tədbirində məlumat verilib. 

Yerli və beynəlxalq təcrübəyə əsaslanan təlimlər, praktiki məşğələlər və real situasiyalar üzərində iş imkanları verən layihə başlayır

Tədbirdə “Təhsil liderləri üçün Mini MBA” proqramı təqdim edilib. Layihənin koordinatoru Sənan Mahmudov əsas məqsədlərindən danışaraq bildirib ki, layihə məktəb rəhbərlərinin və təhsil menecerlərinin idarəetmə, liderlik, strateji planlaşdırma və innovativ qərarvermə bacarıqlarının inkişaf etdirilməsi, eləcə də müasir təhsil idarəçiliyi yanaşmalarının tətbiqini təşviq edəcək. Onun sözlərinə görə, proqram çərçivəsində iştirakçılara yerli və beynəlxalq təcrübəyə əsaslanan təlimlər, praktiki məşğələlər və real situasiyalar üzərində iş imkanları təqdim ediləcək. 

Kimlərin şansı var

Sənan Mahmudovun sözlərinə görə, layihədə iştirak üçün yeniliyə açıq məktəb direktorları və müavinləri müraciət edə bilərlər: 
“Müraciət edənlər 8 həftəsini fəda etməyə hazır olmalıdırlar. O şəxslər bu layihənin iştirakçısına çevriləcək ki, onlar “Mənə öyrədin, gedim tətbiq edim”, - prinsipi ilə yaşayırlar. "Yaşım keçib, artıq öyrənə bilmirəm", - ovqatında olanlar layihəyə seçilməyəcəklər. Müzakirələrə qatılmaq, fikrini bölüşmək istəyənlərə layihənin yolu açıqdır. Unutmayaq ki, səmərəli istifadə edərsənsə, 1+1-in nəticəsi 3 də ola bilir. İstəyirik ki, 30 nəfərə keçilən təlimlərin nəticəsi 300 nəfərin öyrənməsi ilə nəticələnsin. Layihəyə qoşulan iştirakçılar sadəcə öyrənməsin, həm də öyrətsinlər, başqaları üçün də faydalı olsunlar”.

O, seçim prosesi ilə bağlı tədbir iştirakçılarına məlumat verib: “Müraciətlər onlayn həyata keçiriləcək. Namizədlər əvvəlcədən nəzərədə tutulan anket formasını dolduracaqlar. Anketdə müəyyən suallar var ki, onların cavabları namizədin seçilməsini təmin edəcək. Beləliklə, həm peşəkarlıq səviyyəsini müəyyənləşdirən, həm də proqramla bağlı suallar əsasında ilk sinfimizi müəyyən edəcəyik. 30 nəfərlik həmin sinif aprel ayından tədrisə başlayacaq. Hər şənbə günü səhərdən axşama qədər davam edəcək tədris prosesi intensiv xarakter daşıyacaq”. 

Layihə koordinatoru tədbir iştirakçısı olan məktəb liderlərinə həyata keçiriləcək tədris proqramını izah edib, tədris olunacaq fənlər barədə məlumat verib, nələrin üzərində xüsusi duracaqlarını, nə etmək istədiklərini izah edib: “Məqsədimiz odur ki şənbə günü axşam olmağına baxmayaraq, həmkarlarımız dərsdən çıxan kimi öyrəndiklərini öz həmkarları ilə bölüşməyə tələssinlər. Nə qədər maraqlı şeylər öyrəndiklərini hər kəslə paylaşsınlar”.

“Təhsil” Cəmiyyətinin İdarə Heyətinin sədri Murad Ağalarov təşkilat haqqında məlumat verib. Onun sözlərinə görə, rəhbəri olduğu təşkilatın məqsədi təhsildə aparılan islahatlara dəstək vermək, problemlərin aşkar edilməsi və həlli yollarını müzakirə etmək, təhsilin keyfiyyətinin təlim-tərbiyənin, mənəvi, milli, əxlaqi və bəşəri dəyərlərin yüksəldilməsinə nail olmaqdır. O, bu layihə ilə məhz təhsildə bir istiqamətin – idarəçilərin inkişafına dəstək verəcəklərini düşünürlər.

Layihə iştirakçıları Bakı məktəblərinin rəhbərləri olacaq

Açılışdan sonra “Azərbaycan müəllimi”nə açıqlama verən Murad Ağalarov deyib ki, layihənin reallaşdırılması istiqamətində artıq xeyli yol qət ediblər: “Təlim proqramı müəyyənləşdirilib, təlimçilər, demək olar ki, razılaşdırılıb. Təlimlərin başlama tarixi məlumdur, cədvəli hazırdır. Belə nəzərdə tutulub ki, layihəmizin iştirakçıları aprel və may ayının şənbə günlərində təlimlərə qatılacaqlar”.
İştirakçılar isə hələlik Bakıdakı məktəblərdən seçiləcək: “Layihə Bakıdakı ümumtəhsil müəssisələrinin direktor və direktor müavinləri üçün nəzərdə tutulub. Mart ayında seçim prosesi gerçəkləşəcək. Seçilən 30 nəfər layihə çərçivəsində təlimləndiriləcək. May ayından başlayacaq təlimlər 8 moduldan ibarət olacaq. “Təhsili idarə olunması ilə bağlı olan modullara “Strateji planlaşdırma”, “Məktəb idarə sistemləri”, “Təhsilin keyfiyyətinin idarə olunması və monitorinqi”, “İnsan resurslarının idarə olunması”, “Təhsildə maliyyənin səmərəli idarə olunması” kimi mövzular üzrə hazırlıq təşkil ediləcək. Sonda qazanılan bacarıqlar tətbiq ediləcək”. 
Hazırda layihənin tərəfdaşlarının seçimi davam edir: “Bizi ekspertlərlə, mütəxəssislərlə təmin edəcək şirkətlə danışıqlar ararırıq. Çalışırıq ki, keyfiyyətli kadrlarla, tərəfdaşlarla işləyək”.

“Ciddi çəkisi olan bir proqram həyata keçirəcəyik”

Layihədə əsas tərəfdaş şirkət “Fibonacci” MMC-dir. Layihənin koordinatoru Sənan Mahmudov şirkətin əməkdaşıdır. Onun layihə ilə bağlı böyük gözləntiləri var: “Layihəmiz elan olunsun, seçimlər başlasın. Hesab edirəm ki, ciddi çəkisi olan bir proqram həyata keçirəcəyik. Belə proqramların icrası faydalı nəticələr verir”. 

Sənan Mahmudov “Azərbaycan müəllimi”nə açıqlamasında deyib ki, qarşıya müəyyən çağırışlar qoyulub: “Strateji inkişaf planı layihələrinin birinin o birindən nə qədər fərqləndiyini görürük. Təhsil bu planların uğurla icrasında əsas amillərdən biridir. Təhsildən, insandan tələblər durmadan dəyişir. Bu baxımdan təqdim edəcəyimiz layihə çox faydalıdır. Nəticəsi istədiyimiz kimi olarsa, bu layihənin faydasınız yalnız iştirakçılar yox, pedaqoji heyət, məktəblilər, valideynlər də görəcəklər”.

Layihənin davamlılığına gəlincə, Sənan Mahmudov hesab edir ki, arabanı atdan önə qoymazlar: “İlk addımı pilot olaraq bu layihə ilə atacağıq. Necə ki, əvvəllər böyük layihələr ilk addımla başlayıb, bu təlimlər də ilk addım olacaq. Nəticəni Elm və Təıhsil Nazirliyi qiymətləndirəcək. İstifadə edəcəyimiz alətlər, tədris materialları, ən əsası proseslə bağlı rəylər, effektivlik dəyərləndiriləcək. Biz əlimizdən gələni edəcəyik ki, nəticə həm iştirakçıların, həm də tərəfdaşımız olan Elm və Təhsil Nazirliyinin xoşuna gəlsin. Model bəyənilərsə, sonrakı mərhələdə davamı da olacaq. Təklif etdiyimiz modeli özümüzünküləşdirmək kimi niyyətimiz də yoxdur. Bu model sonradan Təhsil İnstitutu, yaxud nazirliyin başqa hər hansı strukturu vasitəsilə davam etdirilə bilər”.

Niyə 30 nəfər?

Pilot olduğu üçün kiçik qrupla - 30 nəfərlə başlayacaq layihədən gözləntilər çox böyükdür: “Təlimlərin keçirilməsi üçün nəzərdə tutulan məkan, vaxt və proqram sadəcə 30 nəfərlə başlamağa imkan verir. Layihədə məqsədimiz gəlir götürmək deyil, əksinə bacardıqca bu işə vəsait yönəltmək və daha böyük nəticəyə nail olmaqdır. Məqsəd hamımızdan  böyükdür”.

Beləliklə, layihə müəllifləri “Təhsil liderləri üçün mini MBA proqramı” layihəsi ilə ölkədə təhsil idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə, məktəblərdə effektiv liderlik və strateji idarəetmə mədəniyyətinin formalaşmasına mühüm töhfə verəcəklərini düşünürlər. Məqsədlərinin böyüklüyünə, modellərinin uğuruna, seçimlərinin doğruluğuna güvənərək nəticələrinin də parlaq olacağına inanırlar.