300 bal toplayan Ayxan: “Bu nəticəni gözləyirdim”

15 May, 2026 - 18:18
300 bal toplayan Ayxan:

Dövlət İmtahan Mərkəzi tərəfindən 19 aprel 2026-cı il tarixində keçirilən imtahanların nəticələri açıqlanıb.

İmtahanda ən yüksək nəticəni — 300 balı Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu əldə edib.

“Azərbaycan müəllimi” onunla həmsöhbət olaraq uğurunun sirri və gələcək planları barədə danışıb.
Ayxan nəticəni müəllimlərinin zəngi ilə öyrəndiyini deyib: “Müəllimlərim zəng edib dedilər ki, ən yüksək balı toplamısan. Əslində bu nəticəni gözləyirdim, amma yenə də çox həyəcanlandım. Gün ərzində 5-6 saat hazırlaşırdım, son günlərdə isə 15 saata qədər çalışırdım. Hətta imtahan günü də dərs oxumuşam”.

O bildirib ki, bu uğurda ailəsinin və müəllimlərinin xüsusi rolu olub: “Ordubad rayon Aşağı Əylis kənd orta məktəbinin müəllimlərinə mənə dəstək olduqları üçün təşəkkür edirəm. Mənə özümdən çox onlar inanır və güvənirdilər. Mən də onların etimadını doğrultmağa çalışdım”.

Gənc məzun imtahana hazırlaşan şagirdlərə də tövsiyələrini bölüşüb. O hesab edir ki, uğurun əsas şərti özünəinam, davamlı çalışma və həyəcanı idarə edə bilməkdir.

Gələcək planlarından danışan Ayxan hüquqşünas olmaq istədiyini bildirib. O, blok imtahanlarında da yüksək nəticə göstərəcəyinə inandığını deyib.

300 bal toplayan Ayxan:
300 bal toplayan Ayxan: