4-cü siniflərin oxu bacarıqları artıb – TƏDQİQAT
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, 5 ildir ki, ibtidai təhsilin sonunda şagirdlərin oxu və riyazi bacarıqları Təhsil İnstitutu tərəfindən ölçülür:
"Monitorinq bütün şagirdləri əhatə edir və əsas məqsəd ibtidai təhsil səviyyəsinin sonunda şagirdlərin bilik və bacarıqlarının vəziyyətini müəyyənləşdirməkdir. Müxtəlif illərin nəticələrini müqayisə etmək üçün 2023-2024-cü tədris ilinin nəticələri baza ili kimi götürülüb və nəticələr 500 ballıq şkalaya uyğunlaşdırılıb. 23-24-cü il nəticələri baza ili olaraq hesab olunub. Həmin ildə şagirdlərin nəticələrinin orta balı 500-ə gətirilib. Bundan sonrakı illərin nəticələrini eyni şkalaya gətirməklə hər il 4-cü sinif şagirdlərinin yekun vəziyyətini əvvəlki illərlə müqayisə edə biləcəyik".
Elnur Əliyev vurğulayıb ki, şagirdlərin nəticələri yalnız ballarla deyil, həm də bilik səviyyələri üzrə qiymətləndirilir:
"Bu məqsədlə şagirdlərin nəticələri 4 səviyyə üzrə müəyyən edilir. Birinci səviyyədən aşağı nəticə göstərən şagirdlər risk qrupunda, yəni baza səviyyəsinə və minimum öyrənmə həddinə çatmayan şagirdlər hesab olunur. İkinci və üçüncü səviyyələr orta, dördüncü səviyyə isə yüksək inkişaf etmiş şagirdləri ifadə edir. 4-cü siniflər üzrə oxu və riyaziyyat nəticələrinin müqayisəsində son iki ildə xüsusilə oxu bacarıqları üzrə artım tempi müşahidə olunur".




