40 min dollar ödəyib təsərrüfat işləri görürlər: ABŞ-də maraqlı məktəb modeli
ABŞ-nin Vermont ştatında yerləşən "Mountain School" adlı məktəbdə şagirdlər bir semestr üçün təxminən 40 min dollar ödəyərək ənənəvi sinif mühitindən uzaqlaşır, təsərrüfat və məişət işləri görür və texnologiyadan minimum istifadə edirlər.
"Azərbaycan müəllimi" xəbər verir ki, məktəbdə 10-12-ci sinif şagirdləri 169 hektarlıq ərazidə qarğıdalı yığır, qoyunlara nəzarət edir, inəklərə qulluq göstərir, odun doğrayır, tərəvəz hazırlayır, suvarma sistemlərini yoxlayır, sinif otaqlarını təmizləyir və qab-qacaq yuyurlar.
Proqramın əsas məqsədlərindən biri şagirdlərin müstəqillik və gündəlik həyat bacarıqlarını inkişaf etdirməsidir. Məktəb texnologiyadan uzaq mühitdə şagirdlərin bir-biri ilə ünsiyyət qurmasına, birgə məsuliyyət daşımasına və özünəxidmət bacarıqları qazanmasına şərait yaradır.
Məktəbin rəhbərliyi bildirir ki, bəzi şagirdlər məktəbə gələndə ən sadə təmizlik işlərini belə bilmirlər. Proqram iştirakçılarına isə gündəlik işlərin icrası ilə yanaşı, bu işləri yerinə yetirən insanlara əməyinə görə hörmət etməyin də öyrədilməsi planlaşdırılır.
Proqramın digər diqqətçəkən tərəfi isə universitetə qəbul məsələsidir. ABŞ-nin müxtəlif ştatlarından və digər ölkələrdən yüksək nəticə göstərən şagirdləri cəlb edən bu məktəbi bəzi ailələr daha yaxşı universitetlərə qəbul zamanı fərqlənmək üçün imkan kimi qiymətləndirirlər.
Məktəbin qəbul üzrə direktoru proqramın universitetlərə şagirdin özünü inkişaf etdirmək üçün ənənəvi təhsil modelindən kənara çıxmağa hazır olduğunu göstərdiyini bildirib. Məktəbin məzunları arasında Harvard, Braun, Dartmut və Kaliforniya Universitetinin Berkli kampusu kimi nüfuzlu ali məktəblərə qəbul olunanlar var.
"Mountain School" 1980-ci illərdə orta məktəb şagirdləri üçün bir semestrlik “məktəbdən uzaqlaşma” modelinin formalaşmasına öncülük edib. Sonradan ABŞ-də və digər ölkələrdə oxşar proqramlar yaranıb.
Beləliklə, burada valideynlər 40 min dollar ödəyərək övladlarına daha az ekran, daha çox fiziki əmək, kollektiv məsuliyyət və müstəqillik təcrübəsi qazandırırlar.




