Emin Əmrullayev: 5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür

13 Noyabr, 2025 - 14:28
Emin Əmrullayev: 5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür

“Məktəblərdə ixtisarlar prosesi davam edəcək. Bizim yanaşmamızla bu, ixtisar deyil, səmərəlilik yanaşmasıdır”.

 “Azərbaycan müəllimi” xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında millət vəkillərinin suallarını və təkliflərini cavablandırarkən elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Düşünürük ki, 5 və ya 10 şagirdi olan məktəbdə həqiqətən keyfiyyətli təhsil vermək mümkün deyil. Bir sinifdə yox, bütün məktəbdə 10 şagird və hər sinifdə 2 uşaq varsa, biz bu uşaqlara musiqi dərsində xorla birgə oxumağı və ya kollektiv oyunu necə öyrədəcəyik? Bu uşaq məktəbi bitirəndə neçə sinif yoldaşı, neçə dostu olacaq? Ümumiyyətlə, 10 nəfərlik məktəb onun gələcək həyatına necə təsir edəcək? Başa düşürəm ki, orada 10 nəfər təhsil alanda bəlkə 20 nəfərin işi yerində olur, amma bizim işimiz təhsildir və biz çalışırıq ki, keyfiyyət baxımından təhsili yüksəldək”,- o bildirib.