6-cı siniflərdə zəif şagirdlərin payı 15%-ə düşüb – Elnur Əliyev
"Tədqiqata görə, 6-cı siniflərdə zəif şagirdlərin payı 15%-ə düşüb".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu 2026-2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransında Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev bildirib.
Onun sözlərinə görə, ibtidai təhsil üzrə oxu, həm də riyaziyyat bacarıqlarında şagirdlərin nəticələrində artım müşahidə olunur. Müsbət göstəricilərdən biri baza həddinin altında olan şagirdlərin payının azalmasıdır. Belə ki, cari ildə oxu üzrə bu göstərici 5 faizə enib. Riyaziyyat üzrə isə baza həddinin altında olan şagirdlərin payı 17 faizdən 9 faizə düşüb:
"Bu, demək olar ki, son illərdə ibtidai sinif müəllimlərinin sinifdə bu məsələyə fokuslanmasının bir nəticəsidir. Mən müəllimlərimizə təşəkkür edirəm və təbrik edirəm. Oxu bacarıqlarında artım ötən il olduğu kimi, cari ildə də davam edir”.
E.Əliyevin sözlərinə görə, artım kəskin olmasa da, müsbət dinamikanın olması əhəmiyyətlidir. 6-cı siniflərdə, xüsusilə 1-ci səviyyədən aşağı nəticə göstərən şagirdlərin payında azalma qeydə alınıb. Son bir ildə bu göstərici 20 faizdən 15 faizə enib.
Elnur Əliyev vurğulayıb ki, nəticələr 6-cı sinif şagirdlərinin oxu bacarıqlarının inkişaf etdirilməsi, xüsusilə zəif nəticə göstərən şagirdlərin minimum səviyyəyə çatdırılması istiqamətində görülən işlərin nəticəsidir:
“Riyaziyyat fənni üzrə şagirdlərin minimum səviyyədə olan bacarıqlarında əhəmiyyətli yaxşılaşma müşahidə edilir. Bununla belə, 6-cı siniflər üzrə riyaziyyat ballarının 2024-cü ilin nəticələri ilə eyni səviyyəyə çatdığı qeyd olunub. Ötən il 6-cı siniflərin riyaziyyat nəticələrində geriləmə müşahidə edilsə də, cari ildə yenidən artım qeydə alınıb və nəticələr əvvəlki səviyyəyə yüksəlib".




