67 yaşdan sonra akademik fəaliyyət əsas götürüləcək – Erol Özvar
Türkiyə ali təhsil müəssisələrinin professor-müəllim heyətinin 67 yaşdan sonra vəzifələrini davam etdirmələri ilə bağlı yeni qayda və prinsiplər müəyyən ediləcək.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclər və İdman Komitəsi tərəfindən qəbul edilmiş "Ali təhsil və bəzi digər qanunlarda dəyişikliklər edilməsi haqqında" Qanun layihəsinin müzakirələri zamanı bildirib. O bu tənzimləmənin əsas meyarının yaş deyil, akademik fəaliyyət göstəriciləri olacağını qeyd edib.
Universitetlərdən alınan rəylər əsasında hazırlanan meyarlar üzərində uzun müddətdir ki, iş aparıldığını bildirən YÖK başçısı vəzifə müddətinin uzadılmasının avtomatik olmayacağını vurğulayıb.
O qeyd edib ki, vəzifəsini davam etdirəcək müəllim heyəti üçün akademik məhsuldarlığın, elmi işlərə rəhbərliyin, elmi fəaliyyətlərin davam etdirilməsi və müəllimlərdən gözlənilən akademik vəzifələrin yerinə yetirilməsi kimi meyarlar əsas götürüləcək. Ətraflı qaydalar isə hazırlanacaq prosedur və prinsiplərlə müəyyən ediləcək.
Bu gün Türkiyənin Avropada İngiltərədən sonra dünyanın ən yaxşı 1000 universiteti arasında ən çox təmsil olunan ölkə olduğunu diqqətə çatdıran E.Özvar ölkə tarixində ilk dəfə olaraq altı universitetin eyni vaxtda dünyanın ən yaxşı 500 universiteti arasında yer aldığını vurğulayaraq bildirib: “Bunu biz demirik, beynəlxalq təşkilatlar deyir. Bu nəticələr universitetlərimizin və ölkəmizin uğurunu nümayiş etdirir. Hamımız bununla fəxr etməliyik”.
E.Özvar universitetlərin Türkiyənin ortaq dəyəri olduğunu, ölkəsinin ali təhsildə əhəmiyyətli bir potensiala çatdığını və qarşıdakı dövrdə prioritetin universitetlərin keyfiyyətinin artırılması olduğunu vurğulayıb.




