MİQ-də 95 bal toplayan müəllim: “Bu potensialı özümdə hiss edirdim”
Dünən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin test imtahanı mərhələsində ibtidai sinif müəllimləri bilik və bacarıqlarını sınayıblar. İmtahanda yüksək nəticə göstərən namizədlər arasında həm kollec, həm universitet məzunları, həm də artıq məktəbdə müəllim kimi çalışanlar var idi.
Namizədlər arasında yüksək nəticə göstərənlərdən biri Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2013-cü il məzunu Könül Nurmətova olub. O, artıq yeddi ildir ki, müddətli müqavilə ilə Bakı məktəblərində müəllim işləyir və MİQ imtahanında bir neçə dəfə iştirak edib. Bugünkü imtahanda isə 95 bal toplaya bilib:
“90 baldan yuxarı nəticə gözləyirdim. Amma 95 bal topladığımı görəndə çox sevindim. Bu potensialı özümdə hiss edirdim. İmtahanda sualları ardıcıllıqla cavablandırdım. Əvvəl ixtisas, sonra kurikulum suallarını işlədim. Hər hansı çətinlik yaşamadım. İmtahan çox şəffaf şəkildə təşkil olunmuşdu”, – deyə o bildirir.
Könül Nurmətovanın sözlərinə görə, MİQ müəllim seçimində ən ədalətli mexanizmlərdən biridir.
“Bu sistem sayəsində məktəblərə daha savadlı müəllimlər gəlir. Hamı eyni şərtlərlə qiymətləndirilir və hər kəs öz biliyi hesabına işə qəbul olunur. Məncə, MİQ müəllim seçimi üçün ən düzgün qərardır”, – deyə o vurğulayır.
91,25 bal toplayan Səbinə Babayeva isə Azərbaycan Müəllimlər İnstitutunun 2015-ci il məzunudur. Bir müddət ailəvi səbəbdən müəllimlik fəaliyyətinə ara versə də, sonradan yenidən MİQ müsabiqələrində iştirak edib və hazırda müddətli müqavilə ilə müəllim kimi çalışır.
“Əslində, daha yüksək nəticə gözləyirdim. Çünki bu il daha çox hazırlaşmışdım. İxtisas sualları mənə çox rahat gəldi. Kurikulum sualları isə cavab variantlarının bir-birinə yaxın olması səbəbindən daha çox düşünməyi tələb edirdi”, – deyə o bildirir.
Keçən ildən məktəbdə müəllim işlədiyini deyən Səbinə Babayeva topladığı nəticənin daimi əsaslarla işə qəbul olunmasına imkan yaradacağına ümid edir.
Bu il 80 bal toplayan Lamiyə Əliyeva isə MİQ imtahanında üçüncü dəfə iştirak edib. İlk cəhdində 52, ikinci dəfə 72 bal toplayan müəllim namizədi bu il nəticəsini daha da yaxşılaşdıraraq 80 bala yüksəldib.
“Üç ildir ki, ciddi hazırlaşıram. Düşünürəm ki, nəticəmin yüksəlməsi bununla bağlıdır. İxtisas və kurikulum sualları mənə rahat gəldi. Azərbaycan dili sualları da qısa mətnlərdən ibarət olduğuna görə çətinlik çəkmədim”, – deyə o qeyd edir.
Bakı Qızlar Universitetinin məzunu olan Lamiyə Əliyeva hazırda işləməsə də, əsas arzusunun müəllim kimi fəaliyyətə başlamaq olduğunu bildirir. O, Bakı və Bakıətrafı məktəblərlə yanaşı, zərurət yaranacağı təqdirdə doğulduğu Tovuz rayonunda da işləməyə hazır olduğunu deyir.




