Abituriyentlər qeyri-qanuni cəhdlərdən uzaq olmalıdır - İmtahan nəticələri sıfırlanır!
Hər il Dövlət İmtahan Mərkəzinin və mütəxəssislərin müraciətlərinə baxmayaraq imtahan verənlərin üzərindən telefon və ya digər elektron vasitələr aşkarlanır. Bu isə onların imtahandan xaric edilməsinə səbəb olur. Məsələn, iyunun 7-də keçirilən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı zamanı 10 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar. Həmçinin bir nəzarətçi-müəllimdə "ağıllı saat” aşkar edildiyi üçün imtahandan xaric edilib.
Bəs abituriyentlər bu kimi hallarla qarşılaşmamaq üçün nə etməlidir? Abituriyentlərə imtahana gəldikdə üzərlərində olan əşyaları qoymaları üçün şərait yaradılırmı?
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq DİM-dən bildirilib ki, iştirakçılar imtahana gələrkən yalnız şәxsiyyәt vәsiqәsi və imtahana buraxılış vәrәqәsini özləri ilə gətirməlidirlər. “Mobil telefon, fləşkart, smart saat, çanta, əlavə hər hansı bir vəsait, digər köməkçi vasitələr və s. imtahana gətirilməməlidir. Bununla bağlı iştirakçılara əvvəlcədən məlumat verilir və “Yaddaş kitabçası”nda, həmçinin imtahana buraxılış vərəqəsində müvafiq xəbərdaredici qeydlər göstərilir. Buraxılış və qəbul imtahanları kütləvi imtahanlardır və on minlərlə iştirakçı qatılır. İmtahanlar əsasən məktəblərdə təşkil olunur. Burada əlavə əşyaları yerləşdirmək üçün saxlanc yerləri olmur. Proses kütləvi olduğu üçün kənar faktorlar imtahanın təşkili və idarə olunmasına da mənfi təsir göstərə bilər. Beynəlxalq praktikada da kütləvi qəbul imtahanları zamanı iştirakçılara əlavə əşyalar, o cümlədən mobil telefon gətirmək qadağan edilir”.
Sonda qeyd edilib ki, DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahanlarında qarderob və digər kiçik əşyaları saxlamaq üçün xüsusi şərait yaradılıb: “Orada keçirilən imtahanlarda iştirakçıların üst geyimlərini və mobil telefonlarını təhvil vermək üçün imkan yaradılır”.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan təhsil eksperti Elçin Süleymanov bildirib ki, bütün dünyada qəbul imtahanları zamanı qaydaların pozulması halları yaşanır: “Xüsusilə texnologiyanın inkişaf etdiyi dövrdə bəzən əziyyət çəkmədən yüksək bal toplamaq istəyənlər ortaya çıxır. Dəfələrlə xəbərdarlıq edilsə də, hər il Azərbaycanda da qəbul imtahanlarında bu cür xoşagəlməz hadisələr baş verir. Amma iştirakçıların kütləviliyi kontekstində bu, çox az saydır”.
E.Süleymanovun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi prosesi kifayət qədər nəzarət altında saxlayır: “İmtahanda giriş zamanı və auditoriyalarda yoxlamalar olur. Həmçinin postimtahan dövründə kağızlar emal edilərkən şübhəli məqamlar hər zaman araşdırılır. Burada qeyd etdiyim kimi bəzi abituriyentlərin qayda pozuntusu cəhdləri hər zaman olub və olacaq. Əsas bu imkanı onlara verməməkdir”.
Ekspert qeyd edib ki, texnologiyalar kifayət qədər yüksək sürətlə inkişaf edir. Bəzən bu inkişafdan məqsədəuyğun olmayan formada istifadə olunur:
“Burada sualların şəklinin çəkilib ötürülməsi, cavabların daxili qulaqcıq vasitəsilə əldə edilərək yazılması haqsız rəqabətə gətirib çıxarır. Belə hallar həm inzibati, həm də cinayət məsuliyyəti yaradır. Hazırda bu kimi hallarla bağlı aktiv davam edən məhkəmə işləri də var. Abituriyentlər və valideynlər bəzən qeyri-qanuni əməllərə cəhd edirlər. Qeyd etdiyim kimi, imtahan prosesində qeyri-qanuni yolla yüksək bal toplayanlar təhsil aldığı anda bu aşkara çıxacaqdır. Əgər qabiliyyəti, potensialı yoxdursa, qəbul balının süni şəkildə artırılması ona heç nə vəd etməyəcək. Artıq diplom xatirinə oxumaq dövrü çoxdan keçib. Diplomun arxasında bilik, savad olmalıdır ki, nəticə versin. Ona görə də abituriyentlər bu cür qeyri-qanuni cəhdlərdən uzaq olmalıdır. Belə əməllər aşkar olunduqda onların imtahan nəticələri sıfırlanır”.




