III qrupda bəzi ixtisasların keçid balları 90 bal arta bilər
“III ixtisas qrupu həmişə çox yüksək müsabiqə vəziyyəti ilə fərqlənir. Bu il plan yerlərinin sayı 15 533, dövlət sifarişli yerlərin sayı isə 4 000-dir. II qrupda olduğu kimi, burada da abituriyentlərin 26 faizi dövlət sifarişli yerlərdə oxuya bilərlər”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in “YouTube” və “Facebook” səhifələrindəki canlı yayımda məlumat verib.
Onun sözlərinə görə, 200 baldan yuxarı toplayanların sayı 20 805 nəfərdir. Buna görə də təxminən 5 000 abituriyent ali məktəbə qəbul olmayacaq:
“DT altqrupunda, TC altqruplarında kifayət qədər yüksək müsabiqə vəziyyəti var. III qrupun DT altqrupu üzrə keçid balı 600-dən yüksək olan ixtisasların keçid balının bu il eyni səviyyədə qalması və ya ötən illə müqayisədə 5-6 bal aşağı enməsi müşahidə olunacaq. 500-dən yuxarı keçid balı olan ixtisaslarda da təxminən eyni keçid balı formalaşacaq”.
DİM sədri qeyd edib ki, 400-500 və 300-400 keçid balı olan ixtisaslarda da eyni mənzərə müşahidə olunacaq: “Ötən il III qrup üzrə keçidi 200-300 bal olan ixtisaslarda keçid balı bu il 20 bala qədər arta bilər”.
M.Abbaszadənin sözlərinə görə, TC altqrupunda isə keçid balı 600-dən yüksək olan ixtisasların keçid balının eyni qalması, 500-600 bal aralığında olan ixtisaslarda isə bu il təxminən 30 bal artım ola bilər: “390 baldan yuxarı bal toplayanlar TC ixtisasları üzrə qəbul oluna bilərlər. TC altqrupunda 520-dən yüksək bal toplayanlar dövlət sifarişli yerlərə qəbul ola bilərlər”.
O həmçinin bildirib ki, TC altqrupunda 300-400 bal intervalında keçidi olan ixtisaslarda 90 bala qədər artım gözlənilir: “200-300 bal intervalında olan ixtisaslarda da həmçinin 90 bala qədər artım olacaq”.
M.Abbaszadə qeyd edib ki, III ixtisas qrupu üzrə 150 bal toplayanlara və subbakalavrlara şans qalmayacaq: "Ən gərgin müsabiqə vəziyyəti məhz III qrupdadır".




