Abşeronda abituriyentlərlə ixtisas seçimi görüşü keçirilib
Mayın 15-də Abşeron-Xızı Regional Təhsil İdarəsinə tabe olan məktəblərin abituryentləri üçün “Gələcəyin peşələri: doğru seçimlər” adlı tədbir təşkil edilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 500-ə yaxın abituriyentin qatıldığı görüş interaktiv formada reallaşıb. İştirakçılar peşə seçimi prosesində diqqət edilməli məqamlar, şəxsi potensialın düzgün qiymətləndirilməsi, müasir peşələr və gələcək karyera imkanları haqqında faydalı məlumatlar əldə ediblər.
"T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi bildirib ki, əsas məqsəd abituriyentlərə düzgün ixtisas seçimi ilə bağlı dəstək göstərmək, onları gələcəyin peşələri və əmək bazarının tələbləri barədə məlumatlandırmaqdır.
Tədbirdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, yazıçı, biznes kouç Elçin Əzimli, Estoniyanın “1Koolitused” təlim mərkəzinin həmtəsisçisi, yazıçı Rüfət Kərimli, psixoloq Mətanət Hüseynova, təhsil və ixtisaslaşma üzrə konsultant Elçin Həsən öz təcrübələrini bölüşüblər.
Görüş zamanı müxtəlif yaradıcı tapşırıqlar da yerinə yetirilib və fərqlənən iştirakçılara kitablar hədiyyə olunub.



