ADA-da beynəlxalq konfransın açılış mərasimi keçirilib
Dekabrın 2-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Aparıcı Universitetlər Tərəfdaşlıq Şəbəkəsinin (AUTŞ) Koordinasiya Şurasına sədrlik ADA Universitetində “Yaşıl enerji və dayanıqlılıqda universitetlərin rolu” mövzusunda beynəlxalq konfransın açılış mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, ADA Universiteti, İnkişaf ve Diplomatiya İnstitutu (IDD), Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) və AQEM-in tərəfdaşlığı ilə həyata keçirilən konfransda ev sahibi - Azərbaycan, Banqladeş, Birləşmiş Ərəb Əmirlikləri, Çin Xalq Respublikası, Fələstin, Hindistan, İordaniya, İraq, İran, İsrail, Koreya Respublikası, Qazaxıstan, Qırğızıstan Respublikası, Misir, Özbəkistan, Pakistan, Rusiya, Tacikistan, Tailand, Türkiyə və Vyetnam da daxil olmaqla 21 üzv ölkədən 50-dən çox professor, tədqiqatçı, ekspert və universitet nümayəndəsi iştirak edib.
Beynəlxalq konfransın açılış mərasimində ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) baş katibinin müavini Zhang Ling və Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, COP29 Azərbaycan üzrə baş danışıqçı Yalçın Rəfiyev çıxış ediblər.
Çıxışlarda iqlim dəyişikliklərinə qarşı mübarizədə universitetlərin artan rolu, regional həmrəyliyin əhəmiyyəti və COP29 çərçivəsində əldə olunan nailiyyətlər xüsusi vurğulanıb.Qeyd olunub ki, tədbir, həmçinin iştirakçı universitetlər arasında yeni tərəfdaşlıq təşəbbüslərinin müzakirəsi və AQEM çərçivəsində birgə layihələrin əsaslarının qoyulması üçün platforma rolunu oynayır.
Beynəlxalq konfransın proqramına uyğun olaraq “Ali təhsilin yaşıl enerji və dayanıqlılığa təsiri” mövzusuna həsr olunmuş ilk panelində Azərbaycan, Özbəkistan, Tayland, İordaniya, Çin və Vietnamdan olan panelist və müzakirəçilər tərəfindən ali təhsil müəssisələrinin yaşıl enerji sahəsində rolu, davamlı inkişaf strategiyaları və regional əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və ADA Universiteti tərəfindən 2025-ci ilin sentyabr ayından etibarən birgə həyata keçirilən tədqiqat layihəsi konfrans çərçivəsində “Yaşıl və dayanıqlı bərpa: Azərbaycan təcrübəsi” panelində təqdim olunub. Layihə çərçivəsində Ağdam, Füzuli, Şuşa və Zəngilanda keçmiş məcburi köçkünlərlə aparılan sorğunun nəticələri əsasında onların sosial-iqtisadi ehtiyacları, dayanıqlı inkişaf istiqamətində tövsiyələr, innovativ yanaşmalar və gələcək perspektivlər nümayiş etdirilib.
Paneldə həmçinin Azərbaycan Respublikasının Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Şamxal Muxtarov və Azərbaycan Respublikasının Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Xüsusi Nümayəndəliyin baş məsləhətçisi Nərgiz Qaracayeva çıxış edərək işğaldan azad olunan ərazilərdə davamlı inkişaf və dayanıqlılıq istiqamətində görülən işlər, o cümlədən ağıllı kənd konseptləri barədə məlumat veriblər.
Qeyd edək ki iki gün davam edəcək konfrans universitetlərin enerji səmərəliliyinin artırılmasında rolu, yaşıl texnologiyaların tətbiqi, yaşıl enerji və dayanıqlılıq üzrə regional əməkdaşlıq, bərpa olunan enerji və enerji səmərəliliyində texnoloji innovasiyalar kimi mövzuları əhatə edəcəkdir.



