ADA Universitetinin beyin mərkəzində COP-la əlaqədar müzakirələr keçirilib

16 Noyabr, 2024 - 13:26

ADA Universitetinin beyin mərkəzi olan İnkişaf və Diplomatiya İnstitutu bu gün COP29 Expo ərazisində Elm Gününə həsr olunmuş müzakirə təşkil edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, yerli və xarici ekspertlərin iştirak  etdiyi elmi müzakirədə COP29 Elmi Şurasının İdarə Heyətinin müxtəlif ölkələri təmsil edən üzvləri, beyin mərkəzlərinin və akademik qurumların nümayəndələri, tədqiqatçılar və ekspertlər iştirak ediblər.

Sessiya müzakirələri ötənilki, builki və növbəti ilki COP ev sahiblərini, yəni iqlim tədbirinin təşkili ilə bağlı artıq təcrübəsi olan və ya buna hazırlaşan ölkələrin nümayəndələrini bir araya gətirib. Tədbir keçmiş, indiki və gələcək ev sahibləri arasında  əlaqələrin qurulmasına zəmin yaradıb.

Elmi diskusiyada bu il ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən “COP29 və Azərbaycan üçün yaşıl baxış”  beynəlxalq forumundakı fikirlərdən irəli gələn mövzular müzakirə edilib.

Sessiyada İsveçrənin Cenevrə Universitetinin “Qlobal ətraf mühit siyasəti proqramı”nın direktoru Aleksandr Hecazi, ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və Kaliforniya Texnologiya İnstitutunun professoru Sassan Saatçi də iştirak edib.

Müzakirə zamanı iqlim məsələlərinin həllində insan və elmi kapitalın idarəedilməsi kimi mövzulara da toxunulub.