Ağıllı ayaqqabıların sirri açıqlandı - Qızıl medal qazanan layihənin təfərrüatları

11 Mart, 2026 - 14:58
Ağıllı ayaqqabıların sirri açıqlandı

Lənkəran rayonu Boladi kəndi Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin “Əsgəri xəbərdarlıq etməklə minadan qoruyan smart ayaqqabı” adlı layihəsi "Sabahın alimləri" XV Respublika layihə müsabiqəsində qızıl medal qazanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, müsabiqənin milli final mərhələsində təqdim olunan layihələr arasında məktəbin komandasının işi elə ilk gündən mütəxəssis alimlərin və hərbi sənaye üzrə ixtisaslaşmış ekspertlərin xüsusi marağına səbəb olub.

Layihənin elmi rəhbəri məktəbin fizika müəllimi və direktoru Seyran Əliyev, komandanın üzvləri isə X sinif şagirdi Talib Cabbarov və IX sinif şagirdi Elay Mikayıllıdır. Komanda üzvləri layihəni təqdim edərkən müharibədən sonra mina partlayışlarının yaratdığı təhlükəli nəticələrə diqqət çəkiblər. Şagirdlərdən Elay Mikayıllı bildirib ki, mina problemi bu gün də aktual olaraq qalır:
"Vətən müharibəsindən sonra 85 nəfər mülki vətəndaş mina partlayışına məruz qalıb. Onlardan 30 nəfəri həlak olub, 55 nəfəri isə müxtəlif dərəcəli xəsarətlər alıb". 

Digər iştirakçı Talib Cabbarov isə layihənin texniki xüsusiyyətləri barədə məlumat verib. Onun sözlərinə görə, hazırlanan sistem əsgərlərin fərdi təhlükəsizliyini artırmaq məqsədilə ayaqqabının alt hissəsinə yerləşdirilən xüsusi mina detektoru prototipi üzərində qurulub:

"Layihənin sxemini hazırladıq, lazımi detalları kiçik ana lövhəyə yığaraq cihazı ayaqqabının alt hissəsinə yerləşdirdik. Minalanmış ərazidə hərəkət zamanı ayaqqabı torpağa tam təmas etməzdən əvvəl sistem metal mina ehtimalını müəyyən edərək istifadəçiyə səs, vibrasiya və ya işıq siqnalı vasitəsilə xəbərdarlıq edir. Bundan əlavə, piezo element vasitəsilə addım zamanı yaranan enerji elektrik enerjisinə çevrilərək batareyaları doldurur və cihazın fasiləsiz işləməsinə imkan yaradır. Məqsədimiz əsgərin hər addımının təhlükəsiz olmasına töhfə verməkdir". 

Lənkəran rayonu Boladi kəndi Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi artıq beşinci dəfədir ki, “Sabahın alimləri” müsabiqəsinin finalında iştirak edib. Məktəbin komandası bundan əvvəl də beynəlxalq səviyyədə uğur əldə edib. Belə ki, gənc tədqiqatçılar SAF 2025 Beynəlxalq STEAM Festivalında fərqli layihə ilə çıxış edərək III yerə layiq görülüb və bürünc medal qazanıblar.

Qeyd edək ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Cəlilabad rayonu Göytəpə şəhəri Vüqar Mürsəlov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin layihəsi də uğur qazanıb. Məktəbin şagirdləri Aytac Hünbətova və Sumana Qarayevanın Samirə Əmrahovanın elmi rəhbərliyi altında hazırladıqları “SumacDent” layihəsi bürünc medala layiq görülüb.