Adı 7 universitetin qəbul siyahısında idi... - "Maarifçi" Aytacın uğur yolu
Dünyanın 7 nüfuzlu universitetinin tələbəsi adını qazanmaq şansı hər il neçə nəfərə nəsib olur? “Barmaqla sayılacaq qədər”, - desək, yəqin yanılmarıq. Bəs dünya reytinqində 10 ən yaxşı universitetdən ikisinə qəbul olunmaq necə? Buna da tək-tük insan, elə deyilmi? TOP10-un ikinci ən yaxşısı London İmperial Kolleci (Imperial College London) və Böyük Britaniyanın ən qədim ali təhsil müəssisələrindən biri olan London Universitet Kollecindən (University College London) aldığı məktublarda ona adı çəkilən təhsil müəssisələrində təhsil ala biləcəyi qeyd edilib.
Bu, onun qazandıqlarının sadəcə kiçik bir hissəsidir. Hərçənd o, artıq həmin universitetlərin tələbəsi deyil, indi “Maarifçi” Aytac Qarayevadır. Bu nəticəyə, bunun kimi onlarla uğura o, xəyal quraraq nail olub, yəni əvvəlcə xəyalən edib, sonra reallaşdırıb: “Bu nəticə mənə göstərdi ki, böyük xəyallar qurmaqdan qorxmamaq lazımdır. Çünki insan özünə inandıqda və məqsədi naminə çalışdıqda sərhədlər aradan qalxır”.
“Azərbaycan müəllimi”ndə təqdim etdiyimiz bu hekayənin qəhrəmanı Aytac Qarayeva IV “Marifçi” tələbə-məzun proqramına qəbul olan 53 uğurlu iştirakçıdan biridir. Hazırda proqram çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin Maliyyə şöbəsində təcrübə keçir. Uğurlarının arxasında nə dayandığına gəlincə, o deyir: “İnsanlar çox vaxt yalnız nəticəni görürlər – diplomları, sertifikatları, qəbul məktublarını və qazandığın uğurları. Amma həmin nəticələrin arxasında gecələr boyu davam edən zəhmət, saysız-hesabsız imtahanlar, yorğunluq, bəzən uğursuzluqlar və hər dəfə yenidən ayağa qalxmaq dayanır”.
Valideynlərim mənə uşaqlıqdan öyrədiblər ki...
Bir insanın yetişməsində müxtəlif amillərin rolu olur. Məsələn, ailəsi.
Aytac Sumqayıt şəhərində anadan olub, orda böyüyüb. 4 nəfərdən ibarət sadə və səmimi bir ailənin üzvüdür. Uğurlarının təməlində də elə bu ailə - sayca kiçik, amma qəlbi böyük, sevgisi tükənməz ailə dayanıb. Onların aşıladığı inamla özünə güvənib, dəstəklə irəliləyib: “Valideynlərim mənə uşaqlıqdan öyrədiblər ki, insanın ən böyük sərvəti onun biliyi, zəhməti və xarakteridir. Onlar hər zaman mənə inanıb, ən çətin anlarımda belə ruhdan düşməyimə imkan verməyiblər. Hər dəfə uğur qazandıqda məndən daha çox sevinən, hər dəfə çətinliklə qarşılaşdıqda isə mənə güc verən onlar olub. Mən bu gün kiməmsə, bunda ailəmin əməyi və sevgisinin payı danılmazdır”.
Yetişdiyi mühitdə təhsili ilə fərqlənib
Ailədən sonra insanın yetişməsi üçün vacib amil təhsil mühitidir. Aytac orta təhsil aldığı Sumqayıt şəhər 4 nömrəli tam orta məktəbi fərqlənmə attestatı ilə bitirib: “Məktəb illərindən öyrənməyi sevirdim. Heç vaxt hazır biliklə kifayətlənməmişəm. Hər zaman daha çox öyrənməyə, daha yaxşı olmağa çalışmışam”.
Yaxşı olmağa çalışmağın şirin bəhrəsini dadıb, ölkənin ən yaxşı universitetlərindən birində təhsil almaq imkanı qazanıb. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “İqtisadiyyat” ixtisası üzrə bakalavr təhsili alıb və universitetdə də fərqlənib: “Universitetdə akademik göstəricim 97 oldu. İELTS imtahanından 7.0 nəticə qazandım və nəzəri biliklərimi praktik bacarıqlarla zənginləşdirməyə xüsusi önəm verdim”.
Təcrübədə qazanılan təcrübə
Onun öz bacarıqlarını zənginləşdirmə üsullarından biri də təcrübə proqramları olub:
“İqtisadiyyat Nazirliyində, Azərbaycan Mərkəzi Bankının “MaliyyəçiSən” proqramında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, eləcə də Dövlət Gömrük Komitəsində müxtəlif istiqamətlər üzrə təcrübə keçdim. Eyni zamanda COP29, Dünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC), “Yüksəliş” müsabiqəsi və ASAN Xidmət kimi layihələrdə könüllü və komanda rəhbəri kimi fəaliyyət göstərərək peşəkar və şəxsi inkişafım üçün dəyərli təcrübələr qazandım. Həyatımın şüarı həmişə eyni olub, “Əgər bir şeyi ürəkdən istəyirəmsə, gec və ya tez ona mütləq nail olacağam”, - demişəm, buna inanmışam. IV “Maarifçi” tələbə-məzun proqramı bunun ən gözəl sübutudur. 5096 nəfərin müraciət etdiyi seçim prosesində proqramın qaliblərindən biri seçilmək mənim üçün böyük qürur və məsuliyyət idi. Bu uğur mənə bir daha göstərdi ki, zəhmət və əzm gec-tez öz bəhrəsini verir”.
“Mənim üçün bundan daha böyük şans “Maarifçi” proqramına qəbul olunmağım oldu”
Hər dəfə yeni bir uğur qazandıqca uşaqlıqda qurduğum xəyallardan birinin daha reallaşdığını hiss edirəm. Çünki mən uşaqlıqdan qurmuşam daim qazanan, uğurdan-uğura qaçan Aytacın xəyalını. Və inanıram ki, qarşıda məni bundan da böyük uğurlar gözləyir. Çünki məni bu inam irəli aparır. Dünyanın 7 universitetinə qəbul olmaq həyatımın ən unudulmaz anları idi. Amma maliyyə səbəbindən onların hər hansı birində oxuya bilməyəcəyimi qəbul etmək bir o qədər çətin oldu. 7 universitet arasında təhsil almaq üçün seçdiyim London İmperial Kollecində şansım da qalır, o şansdan istifadə edə biləcəyimə dair inamım da. Lakin mənim üçün bundan daha böyük şans “Maarifçi” proqramına qəbul olunmağım oldu”.
Dünyanın ən yaxşı universitetlərindən birində oxumaq şansından istifadə edə bilməyən gəncə Azərbaycanın ən mötəbər tələbə-məzun proqramında iştirak imkanı təsəlli olub: “Maarifçi” mənim üçün, sadəcə təcrübə proqramı deyil, peşəkar inkişaf yolumda mühüm bir mərhələdir. Burada maliyyə sahəsində nəzəri biliklərimi real iş mühitində tətbiq etmək, dövlət maliyyəsinin idarə olunması proseslərini yaxından öyrənmək və peşəkar mütəxəssislərlə birlikdə çalışmaq imkanı qazanmışam”.
Üstəlik, təcrübəni peşəkar komandada artırmaq imkanı onun üçün böyük şansdır: “Peşə Təhsili üzrə Dövlət Agentliyində formalaşan peşəkar, innovativ və dəstəkləyici iş mühiti gənclərin inkişafına xüsusi önəm verir. Rəhbərlərin və əməkdaşların bilik və təcrübələrini səmimiyyətlə bölüşməsi, etimad göstərərək iş prosesinə cəlb etmələri hər gün özümü daha da inkişaf etdirməyimə motivasiya yaradır. Burada qazandığım bilik və bacarıqların gələcək karyeram üçün möhkəm təməl olacağına inanıram”.
“Maarifçi”də o, dövlət idarəçiliyini də öyrənir: ““Maarifçi” proqramı gənclərə yalnız nəzəri biliklərini praktikada tətbiq etmək imkanı yaratmır, eyni zamanda onların dövlət idarəçiliyi sistemini yaxından tanımasına, peşəkar əlaqələr qurmasına və gələcəyin məsuliyyətli mütəxəssisləri kimi formalaşmasına şərait yaradır. Mən bu proqramın qaliblərindən biri olmaqdan böyük qürur duyur və bu etimadı hər zaman doğrultmağa çalışıram”.
“Maarifçi” məsuliyyəti
Aytac deyir ki, o, “Maarifçi”nin formalaşdırdığı məsuliyyətdən başqa, qadın olmağı da böyük məsuliyyət və güc hesab edir: “Mən ona inanıram ki, təhsilli, özünə inanan və məqsədyönlü qadın təkcə öz taleyini deyil, bütöv bir cəmiyyətin gələcəyini dəyişə bilər. Uşaqlıqdan uğurlu qadınların və qızların hekayələrini böyük maraqla oxuyardım. Hər dəfə onların nailiyyətlərini gördükdə öz-özümə bir sual verirdim: “Görəsən, mən də bir gün bacaracağam?” Bu gün deyirəım ki, bəli, bacardım. Qarşımda həyata keçirmək istədiyim daha böyük məqsədlər, ölkəmə xidmət etmək istədiyim daha böyük layihələr və çatmaq istədiyim daha yüksək zirvələr var”.
Həyatda kəşf etdiyi hər zirvə, əldə etdiyi hər uğur ona bir şey pıçıldayıb: “Ən böyük sərmayə insanın özünə qoyduğu sərmayədir. Mən də öyrənməyə, inkişaf etməyə və ölkəmə fayda verməyə bundan sonra da eyni inam və əzmlə davam edəcəyəm”.




