ADMİU yayılan videodakı tələbə ilə bağlı qərar verdi
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rəhbərliyi sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında yayılan video ilə bağlı araşdırma aparıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, ADMİU bu barədə məlumat yayıb.
Bildirilib ki, videoda yer alan şəxslər bacı və qardaşdır. Videoda görünən qız ADMİU-da nə təhsil alır, nə də çalışır. Onun qardaşı Kənan Zindadil isə universitetin Teatr sənəti fakültəsinin “Musiqili teatr aktyoru” ixtisası üzrə II tədris ilinin tələbəsi olub.
Məsələ ilə bağlı ADMİU-nun İntizam komissiyasının təcili iclası keçirilib.
Ali təhsil müəssisəsi ilə təhsil alacaq təhsilalan arasında bağlanan Fərdi müqavilənin 2.3.3. bəndini,“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Təhsilalanların Universitetdaxili nizam-intizam Qaydaları"nın 5.4. bəndini (a) Universitet əməkdaşları və təhsilalanlara hədə-qorxu gəldikdə), əsas götürərərək Kənan Zindadilin ADMİU-dan xaric edilməsi barədə qərar qəbul edib. Qərar rektor tərəfindən əmrləşdirilərək qüvvəyə minib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bir daha bildirir ki, tələbələrin hüquq və mənafelərinin qorunmasına xüsusi həssaslıqla yanaşır, onların özlərini rahat və təhlükəsiz hiss etdikləri təhsil mühitinin formalaşdırılması istiqamətində zəruri tədbirləri həyata keçirir.




