ADNSU-da ENACTUS Komandasına qeydiyyat başlayıb
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) tələbələr arasında sosial sahibkarlıq və innovasiya bacarıqlarının inkişafını dəstəkləmək məqsədilə ENACTUS ADNSU komandasının formalaşdırılmasına start verilib.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, komandaya ümumilikdə 15 tələbə seçiləcək.
ENACTUS proqramı tələbələrin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDGs) uyğun sosial layihələr hazırlamasını, bu layihələri inkişaf etdirərək real nəticələr əldə etməsini hədəfləyir. Proqrama qoşulan tələbələrə peşəkar mentorluq, təlimlər, workshoplar və şəbəkələşmə imkanları təqdim olunacaq.
Müraciət üçün əsas tələblər sırasında ingilis dili bilikləri, komanda ilə işləmək bacarığı, yenilikçi düşüncə və sosial problemlərin həllinə maraq ön plandadır. Layihələr ilkin olaraq yerli səviyyədə təqdim olunacaq, daha sonra uğurlu komandalar Milli Çempionata qatılmaq imkanı əldə edəcəklər.
Qlobal perspektivdə isə tələbələr Enactus-un ən böyük tədbiri — Enactus World Cup 2026 (São Paulo, Braziliya, 16–19 noyabr) yarışmasında iştirak şansı qazanırlar. Bu il tədbir “Generation:Re” konsepti ilə keçiriləcək və bərpa, yenilik və dayanıqlılıq mövzularına fokuslanacaq.
Son müraciət tarixi: 30 yanvar 2026



