ADNSU-da Heydər Əliyevin anım gününə həsr olunmuş "dəyirmi masa" keçirilib
Dekabrın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Slavyan Universiteti (BSU) və Azərbaycan Universiteti (AU) Tələbə Gənclər Təşkilatlarının (TGT) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev Həftəsi” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev və Gənclərin inkişafında rolu” mövzusunda "dəyirmi masa" keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə ADNSU TGT sədri İntiqam Quliyev, BSU TGT sədri Rəsul Hüseynli və AU TGT sədr müavini Yusif Nəbizadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətinin formalaşmasında oynadığı mühüm roldan, gənclərin elmə, təhsilə və ictimai fəallığa təşviq olunması istiqamətində həyata keçirilən dövlət strategiyasının bu gün də uğurla davam etdirilməsindən danışıblar. Çıxışçılar Ulu Öndərin siyasi irsinin gənc nəslin dövlətçilik ruhunda yetişməsində əvəzsiz rol oynadığını xüsusi vurğulayıblar.
Daha sonra Heydər Əliyev Məktəbinin direktoru Sənan Hüseynov məruzə ilə çıxış edərək Ulu Öndərin ölkənin inkişaf konsepsiyasında gənclərə göstərdiyi diqqət və etimadın strateji əhəmiyyətindən söz açıb. O, Heydər Əliyevin gənclərlə bağlı müəyyənləşdirdiyi prioritetlərin bu gün Azərbaycan gəncliyinin sosial fəallığının, intelektual potensialının və dövlətçilik mövqeyinin güclənməsində mühüm rol oynadığını qeyd edib.


