ADNSU-da “Məzun günü” keçirilib
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Məzun günü” tədbiri keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi anılıb.
Tədbiri giriş sözü ilə açan ADNSU rektoru Rüfət Əzizov məzunlara öz təbrik və arzularını çatdırıb. Rektor 4 il əvvəl ADNSU-nun QS reytinqində olmadığına diqqət çəkərək hazırkı dövrdə 40 min universitet arasında 711-720-ci yerlər arasında qərarlaşdığını vurğulayıb.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri məzunu, elm və təhsil nazirinin müavini İdris İsayev də "Məzun günü"ndə çıxış edərək məzunları Elm və Təhsil Nazirliyi adından salamlayıb.
İ.İsayev ölkəmizin təhsil tarixində ilk dəfə olaraq 3 universitetimizin top universitetlər sırasına daxil olduğunu və bu uğurun məhz məktəbin tələbə və pedaqoji heyəti sayəsində mümkün olduğunu bildirib.
Daha sonra təhsildə və universitetin ictimai həyatında fərqlənən məzunlar təltif ediliblər.




