ADNSU-da “Nəzəriyyədən təcrübəyə” adlı festival keçirilib

2 Dekabr, 2025 - 16:59
ADNSU-da “Nəzəriyyədən təcrübəyə” adlı festival keçirilib

Dekabrın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının təşkilatçılığı ilə “Nəzəriyyədən təcrübəyə” adlı 3-cü Qida festivalı keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda çıxış edən Kimya tenologiya fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova bu cür tədbirlərin tələbələrin həm nəzəri, həm də praktiki biliklərini birləşdirməsi baxımından olduqca önəmli olduğunu deyib. O, tələbələrin yaradıcılıq potensialını nümayiş etdirdiyi bu festivalı yüksək qiymətləndirib.

Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının müdiri professor Fariz Əmirli ADNSU-da artıq 3-cü dəfə təşkil olunan Qida festivalının özəlliyindən danışıb. Bu il ilk dəfə əcnəbi tələbələrin də bu festivalda iştirak etdiyini deyən Fariz Əmirli sərginin milli mətbəximizin və adət-ənənələrimizin, mədəniyyətimizin təbliği baxımından önəmli olduğunu vurğulayıb.

Sonra sərgiyə baxış keçirilib. Tədbir iştirakçıları tələbələrin hazırladıqları məhsullarla tanış olub, onların kreativ ideyalarını yüksək qiymətləndiriblər.

Sərgi çərçivəsində tələbələrdən ibarət komandalar Azərbaycanın müxtəlif bölgələrini təmsil edən milli yeməklər hazırlayaraq bu bölgələrin kulinariya ənənələrini əks etdirən təqdimatlar ediblər. Hər komanda hazırladıqları məhsullar istifadə etdikləri ərzaqlar və bişirmə üsulları haqqında ətraflı məlumat veriblər. 

Tədbirdə həmçinin əcnəbi tələbələr öz ölkələrinə məxsus kulinariya nümunələrini nümayiş etdiriblər. Bu da sərginin mədəni müxtəlifliyin nümayişinə şərait yaradıb. 

Festival çərçivəsində əməkdaşlıq olunan müəssisələrin rəhbərləri və nümayəndələri də da iştirak ediblər, tələbələrin bacarıqlarını və sərgidə yer alan milli yeməkləri yüksək qiymətləndiriblər.