ADNSU-da “Yer elmləri və georesurslar” tədqiqat qrupu fəaliyyətə başlayıb

9 Fevral, 2026 - 16:16
ADNSU-da “Yer elmləri və georesurslar” tədqiqat qrupu fəaliyyətə başlayıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  yer elmləri sahəsində elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi məqsədilə “Yer elmləri və georesurslar” tədqiqat qrupu yaradılıb.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, qrupun rəhbəri dr.Elşən Abdullayev, baş tədqiqatçılar dr.Qriqori Penkov, dr.Rəşad Abbasov və dr.Zaur Bayramovdur.

Qrup dörd istiqamət üzrə fəaliyyət göstərir: neft mühəndisliyi və rezervuar geologiyası, hidro-mexaniki modelləşdirmə, aktiv tektonika və flüidlər, eləcə də ətraf mühit mineralogiyası və geokimya.

Neft mühəndisliyi və rezervuar geologiyası istiqamətində rezervuar geomekanikası və süxur xassələrinin inteqrativ tədqiqi əsasında məlumat əsaslı modelləşdirmə və simulyasiya aparılır. Hidro-mexaniki modelləşdirmə istiqamətində yağıntı və yeraltı suların təsiri ilə yaranan torpaq sürüşmələri və torpaq qeyri-sabitlikləri araşdırılır.

Aktiv tektonika və flüidlər üzrə Qafqaz və Qərbi Xəzər regionunda müasir yer deformasiyası prosesləri, tektonik qırılmalar və yer qabığı flüidləri arasındakı əlaqələr öyrənilir. Ətraf mühit mineralogiyası və geokimya istiqamətində isə gil minerallarının yaşıl enerji üçün kritik olan elementlərin potensial mənbəyi kimi rolu, həmçinin gillərin CO₂ emissiyalarının azaldılması və torpaq məhsuldarlığına təsiri tədqiq olunur.

Qrupun əsas məqsədi geologiya, geofizika, geokimya və mühəndislik yanaşmalarını birləşdirərək yeraltı resursların daha effektiv və davamlı idarə olunması, geoloji risklərin qiymətləndirilməsi və ətraf mühitə təsirlərin azaldılması üzrə elmi əsaslı həllərin hazırlanmasıdır.