ADNSU ilə “SGS Azerbaijan” MMC arasında Anlaşma Memorandumu imzalanıb
Fevralın 23-də “SGS Azerbaijan” MMC-nin Baş direktoru Suat Kayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, universitetə səfər çərçivəsində qonaqlar ADNSU-nun rektoru dosent Rüfət Əzizovla görüşüblər. Görüşdə şirkətin Sənaye və ətraf mühit üzrə biznes meneceri Azad Vəlixanlı, layihə meneceri, keyfiyyətə nəzarət koordinatoru Tərlan Fətəliyev, NDT nəzarətçisi Tural Səfərov, həmçinin ADNSU-nun struktur bölmə rəhbərləri iştirak ediblər.
Görüş zamanı tərəflər arasında perspektiv əməkdaşlıq imkanları müzakirə olunub. ADNSU tələbələrinin “SGS Azerbaijan” şirkətində təcrübə keçməsi, şirkət mütəxəssislərinin universitetdə tələbələr üçün seminarlar keçirməsi və bu istiqamətdə digər birgə fəaliyyətlər istiqamətləri müzakirə olunub. Müzakirələrin hüquqi təsdiqi kimi tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.
Səfər çərçivəsində nümayəndə heyəti ADNSU-nun Tarix, Mineralogiya muzeyində olublar, eləcə də universitetin tədqiqat infrastrukturu və innovasiya imkanları haqqında ətraflı məlumat alıblar.



