ADNSU-nun rektoru BƏƏ-də keçirilən III Beynəlxalq Konfransda çıxış edib
10-11 dekabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə III Beynəlxalq Konfrans (ICASF 2025) keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru dosent Rüfət Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti konfransda iştirak edib.
Rektor Rüfət Əzizov konfransda “How Green Jobs, Circular Economy and Innovative Business Models Enhance Employability: A Critical Approach” mövzusunda təqdimatla çıxış edib. O, çıxışında yaşıl iqtisadiyyatın və dairəvi iqtisadi modelin əmək bazarına təsiri, innovativ biznes yanaşmalarının gələcək məşğulluq imkanlarını genişləndirməsi məsələlərinə toxunub. Rektor həmçinin universitetlərin və sənaye sektorunun əməkdaşlığının əhəmiyyətini vurğulayaraq bu istiqamətdə tələbələrin və gənc mütəxəssislərin hazırlığı üçün yeni imkanların yaradılmasının vacibliyini qeyd edib.
Konfrans çərçivəsində ADNSU və Abu Dabi Universiteti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Memorandum birgə tədqiqatların, akademik mübadilələrin və innovasiya yönümlü layihələrin genişləndirilməsini nəzərdə tutur. Bu əməkdaşlıq həm iki universitetin təhsil və elmi fəaliyyətlərini gücləndirəcək, həm də tələbələr və akademik heyət üçün beynəlxalq təcrübə imkanlarını artıracaq.


