ADNSU tələbə və tədqiqatçıları Müdafiə Sənayesi Nazirliyinin layihəsində fərqləndilər
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) heyəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən icra olunan “Mühəndis Hazırlığı və Müdafiə Sənayesi Ekosisteminin İnkişafı Proqramı” çərçivəsində təşkil edilən hesabat və "Məzun günü" tədbirində iştirak edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU tədqiqatçıları “Milli energetik materialların inkişafı” müsabiqəsində 6 ay ərzində apardıqları elmi-tədqiqat işlərini yüksək səviyyədə tamamlayaraq 2-ci yerə layiq görülüblər.
Universitetin 23 tələbəsi layihə çərçivəsində təşkil edilən ixtisaslaşmış tədris proqramını uğurla başa vuraraq məzun adını qazanıb.
ADNSU rəhbərliyi müdafiə sənayesinin inkişafı, yerli texnologiyaların yaradılması və mühəndis kadrların hazırlanması istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib. Universitet güclü kimya, robototexnika, kompüter elmləri və mühəndislik məktəbləri ilə bu sahəyə töhfə verməyə hər zaman hazır olduğunu vurğulayıb.
Sonda tələbə və tədqiqatçılara yaradılan bu geniş imkanlara görə Müdafiə Sənayesi Nazirliyinə təşəkkür bildirilib və gələcək layihələrdə uğurlar arzulanıb.




