ADPU-da “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” konfransı keçirilir
Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “I Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” Beynəlxalq elmi konfransının açılış mərasimi keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti, TÜRKSOY, Yunis Əmrə İnstitutu, Daşkənd Beynəlxalq Universiteti və ADPU-nun Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 14-15 may tarixlərində əyani və onlayn formatda təşkil olunan beynəlxalq konfransda Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Koreya, Rusiya, Ukrayna, Moldova, Estoniya, Əfqanıstan və digər ölkələrdən alim və tədqiqatçıları bir araya gəliblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin məzarı önünə çiçəklər düzərək ruhunu ehtiramla yad ediblər.
Açılış mərasimində dövlət rəsmiləri, təhsil ictimaiyyətinin nümayəndələri, universitet rəhbərliyi və professor-müəllim heyəti, eləcə də Azərbaycan və xarici ölkələrin tanınmış türkoloq alimləri iştirak ediblər.
Konfransın açılışında çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov bildirib ki, Birinci Bakı Türkoloji Qurultayı yalnız dilçilik tarixinin mühüm hadisəsi deyil, bütövlükdə türk dünyasının elmi və mədəni birliyinin formalaşmasında xüsusi rol oynamış tarixi platformadır. Rektor vurğulayıb ki, düz bir əsr əvvəl Bakıda əsası qoyulan ortaq dil, ortaq əlifba, ortaq terminologiya və ortaq gələcək ideyaları bu gün də öz aktuallığını qoruyur. Cəfər Cəfərov çıxışında ADPU-nun Birinci Türkoloji Qurultayla tarixi bağlılığına da diqqət çəkərək qeyd edib ki, 1926-cı il martın 2-də Qurultay iştirakçıları həmin dövrdə milli dildə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsi olan Ali Pedaqoji İnstitutun qonağı olublar. Həmin dövrdə Pedaqoji İnstitutun direktoru olan Cəlil Məhəmmədzadə Qurultayın 9 nəfərlik təşkilat komitəsinin üzvü və Mandat komissiyasının sədri kimi bu tarixi prosesin əsas memarlarından biri olmuşdur. Həmçinin Pedaqoji Universitetə ayrı-ayrı vaxtlarda rəhbərlik etmiş Şərif Manatov, Pənah Qasımov və Hüseyn Musayev və aralarında Bəkir Çobanzadə, Nikolay Aşmarin, Vasili Vladimiroviç Bartold, Aleksandr Nikolayeviç Samoyloviç, Hənəfi Zeynallı, Abdulla Tağızadə olmaqla, ümumilikdə 12 müəllim də Qurultay tribunasından türkologiyanın gələcəyini səsləndiriblər. Qurultayın təşkilat komitəsində və elmi fəaliyyətində universitetin rəhbərləri və professor-müəllim heyətinin fəal iştirakı ADPU-nun türkoloji elmi fikrin formalaşmasındakı mühüm rolunu təsdiqləyir. Rektor çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamının bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin mühüm göstəricisi olduğunu vurğulayıb. Qeyd edilib ki, türkoloji fikir bu gün yeni mərhələyə – “Rəqəmsal Türkologiya” dövrünə qədəm qoyur və süni intellekt, rəqəmsal lüğətlər, milli korpuslar və ortaq terminoloji platformalar gələcəyin əsas inkişaf istiqamətlərini müəyyən edir. Professor Cəfər Cəfərov vurğulayıb ki, bu gün Pedaqoji Universitet həmin tarixi missiyanı davam etdirərək “Rəqəmsal Türkologiya” mərhələsində ortaq elmi terminologiyanın, süni intellekt əsaslı dil texnologiyalarının və türk dövlətləri arasında təhsil inteqrasiyasının inkişafına töhfə verməyə davam edir. Pedaqoji Universitet Universitet 100 il əvvəl olduğu kimi, bu gün də türkologiyanın pedaqoji mərkəzi olmağa iddialıdır.
Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın türk xalqlarının elmi fikir tarixində mühüm mərhələ təşkil etdiyini bildirib. O, qeyd edib ki, 1926-cı ildə Bakıda keçirilən bu mötəbər elmi toplantı ortaq dil, əlifba, milli-mədəni dəyərlərin qorunması və türkologiya elminin sistemli inkişafı baxımından xüsusi əhəmiyyət daşıyıb. Akademik ana dilinin xalqın tarixi yaddaşını, milli kimliyini və mənəvi irsini yaşadan əsas dəyərlərdən biri olduğunu vurğulayıb. Akademik bildirib ki, Birinci Türkoloji Qurultayda 131 nəfər iştirakçı var idi ki, onlardan 126 nəfəri sonradan repressiya qurbanı olub. Onların qurultayda qaldırdıqları problemlərin intellektual miqyasına görə türkologiyanın əsas istiqamətlərini müəyyənləşdirib.
Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında qeyd edib ki, ölkə başçısının imzaladığı “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam qurultayın tarixi və elmi əhəmiyyətini daha da möhkəmləndirir, türkologiya elminin inkişafına, türk xalqlarının mədəni-mənəvi irsinin qorunması və təbliğinə dövlət səviyyəsində dəstək göstərir, eyni zamanda Qurultayın irsinin müasir elmi mühitdə aktual və əhəmiyyətli olmasını təmin edir. Qloballaşma, informasiya texnologiyalarının və süni intellektin sürətli inkişafı, eyni zamanda kütləvi kommunikasiya vasitələrinin təsiri nəticəsində milli dil yeni təzyiq mexanizmləri ilə üz-üzə qaldığını bildirən nazir müavini bu istiqamətdə dilimizin təhlükəsizliyinin qorunması istiqamətində təşəbbüslərin zəruri olduğunu bildirib. F.Qurbanov Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq geniş tədbirlər həyata keçirildiyini qeyd edib və Elm və Təhsil Nazirliyi tərəfindən də müvafiq Tədbirlər Planı çərçivəsində Qurultayın 100 illik yubileyi münasibətilə simvolik olaraq 100 nəfər tələbənin təqaüdə layiq görülməsinin nəzərdə tutulduğunu bildirib.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov Birinci Türkoloji Qurultayın türk xalqlarının milli özünüdərk prosesində və ortaq mədəni dəyərlərin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Qeyd edilib ki, bu tarixi irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması həm elmi, həm də ictimai baxımdan xüsusi əhəmiyyət kəsb edir.
Beynəlxalq konfransda iştirak edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər üzərində formalaşdığını vurğulayaraq qeyd edib ki, Birinci Türkoloji Qurultay türk dünyasının elmi və mədəni inteqrasiyası baxımından mühüm tarixi hadisələrdən biridir və bu irs bu gün də türk xalqları arasında əməkdaşlığın möhkəmlənməsinə xidmət edir. B.Akgün qeyd edib ki, məhz həmin qurultaydan iki il sonra – 1928-ci ildə Türkiyə latın əlifbasına keçib. Səfir qeyd edib ki, bundan sonra da Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı daha da gücləndirmək lazımdır və bu baxımdan ötən il UNESCO çərçivəsində keçirilən toplantıda 15 dekabr tarixinin
Dünya Türk Dili Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsi hamımızın ortaq uğurudur.
Çıxış edən ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova universitetin türk dünyasının ali təhsil və elm müəssisələri ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb, bu kimi beynəlxalq elmi platformaların akademik əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Birinci Türkoloji Qurultayın humanitar elmlərin inkişafında, dil və ədəbiyyat sahəsində aparılan tədqiqatların istiqamətləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, ana dilinin qorunması və elmi şəkildə təbliğinin ali təhsil müəssisələrinin əsas vəzifələrindən biri olduğunu vurğulayıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli isə Azərbaycan dilçiliyinin inkişafında Birinci Türkoloji Qurultayın mühüm rolundan bəhs edib. O, ana dilinin elmi əsaslarla araşdırılmasının, dil irsinin qorunmasının və yeni nəsillərə çatdırılmasının aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb.
ADPU-nun Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova fakültə heyəti adından tədbir iştirakçılarına konfransa göstərdikləri böyük marağa görə minnətdarlığını bildirərək Birinci Türkoloji Qurultayın elmi irsinin gənc nəslə çatdırılması, ana dilinə sevginin gücləndirilməsi və milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətindən bəhs edib. Dekan K.Həsənova bu istiqamətdə Pedaqoji Universitetin Filologiya fakültəsində aparılan ardıcıl və sistemli fəaliyyətlər haqqında məlumat verib.
Azərbaycan Milli Aerokosmik Agentliyinin Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunun direktoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi professor Elçin İgəndərzadə, Türkiyənin Qafqaz Universitetinin professoru Səlcuq Ural, Özbəkistan Asiya Beynəlxalq Universitetinin prorektoru Əzəmət Əkbərov, Azərbaycan Dillər Universitetinin professoru Adil Babayev çıxışlarında türk dillərinin öyrənilməsi, müqayisəli tədqiqi və ortaq elmi ənənələrin inkişaf etdirilməsinin müasir türkologiyanın əsas istiqamətlərindən biri olduğunu qeyd ediblər.
Rəsmi açılış mərasimindən sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, konfransın növbəti günündə qonaqların ADPU Şamaxı filialına səfəri nəzərdə tutulur.



