ADNSU-da bu fənn bütün bölmələr üzrə Azərbaycan dilində olacaq

3 İyun, 2026 - 12:31
ADNSU-da bu fənn bütün bölmələr üzrə Azərbaycan dilində olacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Elmi Şurasının 26 may 2026-cı il tarixli iclasında qəbul edilən qərara əsasən, 2026/2027-ci tədris ilindən etibarən “Azərbaycan tarixi” fənni tədris dilindən asılı olmayaraq bütün yerli tələbələr üçün Azərbaycan dilində tədris ediləcək.

Bu barədə "Azərbaycan müəllimi"nə ADNSU-dan məlumat verilib.

Elmi Şurada bildirilib ki, bu qərarın əsas məqsədi tələbələrdə dövlətçilik ənənələri, milli-mənəvi dəyərlər, milli ideologiya və Azərbaycan tarixinin daha dərindən öyrənilməsini təmin etməkdir. Qeyd olunub ki, fənnin Azərbaycan dilində tədrisi tələbələrin tarixi irsi və milli kimliyi daha dolğun mənimsəməsinə xidmət edəcək.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılıb və Elmi Şura üzvlərinin yekdil qərarı ilə qəbul olunub. Qərara əsasən, xarici tələbələr üçün ayrıca qruplar formalaşdırılacaq və həmin qruplarda “Azərbaycan tarixi” fənni onların təhsil aldıqları dilə uyğun şəkildə tədris olunacaq.

Qeyd edək ki, bu qərar ADNSU-da milli-mənəvi dəyərlərin, dövlətçilik ənənələrinin və Azərbaycanın zəngin tarixi irsinin gələcək mühəndis və mütəxəssislərə daha effektiv şəkildə çatdırılması istiqamətində atılmış mühüm addımlardan biridir.