ADPU-nun Quba filialında magistraturaya qəbul olan gənclərlə görüş keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının məzunlarından 32-si ölkəmizin nüfuzlu ali təhsil müəssisələrində magistratura təhsili alacaq.
“Azərbaycan müəllimi” xəbər verir ki, ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev magistraturaya qəbul olunan məzunlarla görüşüb. Filialın Tələbə, məzun və karyera şöbəsinin müdiri Hikmət Musayevin təşkilatçılığı ilə keçirilən tədbirdə məzunlar iştirak ediblər.
ADPU-nun Quba filialının direktoru, professor Yusif Alıyev məzunları təbrik edərək onlara gələcək elmi və praktiki fəaliyyətlərində daha böyük nailiyyətlər arzulayıb. O, xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti, ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Dillər Universiteti kimi ölkənin aparıcı ali məktəblərində magistr təhsili almaq hüququ qazanmaq məhz ADPU-nun Quba filialında verilən keyfiyyətli, sistemli və dayanıqlı təhsilin göstəricisidir. Professor Yusif Alıyev qeyd edib ki, filial illər ərzində formalaşdırdığı elmi-pedaqoji mühitlə tələbələrin fərdi inkişafına töhfə verir və əldə olunan bu yüksək nəticələr kollektivin birgə gərgin əməyinin bəhrəsidir.
Çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən milli təhsil strategiyasının əhəmiyyətindən söz açan direktor bildirib ki, 44 günlük Vətən müharibəsinin şanlı qələbəsi və ərazi bütövlüyümüzün, suverenliyimizin bərpası hər bir azərbaycanlı gənc qarşısında tamamilə yeni və məsuliyyətli vəzifələr qoyur. Vətənpərvərlik, milli-mənəvi dəyərlərə sədaqət və dövlətçilik prinsiplərinin təbliği hər zaman ADPU-nun Quba filialında ümdə vəzifə kimi qorunub və gələcəkdə də bu istiqamətdə məqsədyönlü işlər davam etdiriləcək.
Magistratura pilləsində təhsil almaq hüququ qazanan məzunlar da öz növbəsində ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdən danışıblar.
Sonda məzunlar təhsil illərində qazandıqları dərin biliklərə, eləcə də vətənpərvər ruhda formalaşmalarındakı xidmətlərinə görə filialın rəhbərliyinə və bütün professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.




