Ağdam məktəbinə adı verilən Rastislav Ştefanik kimdir?
Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoyublar.
“Azərbaycan müəllimi” xəbər verir ki, Baş Qərvənddə tikiləcək məktəbə adı verilən Milan Rastislav Ştefanik Slovakiya tarixində məşhur tarixi şəxsiyyətlər arasındadır.
Belə ki, Ştefanik alim, diplomat, siyasətçi, həmçinin hərbçi olub. O, 1918-ci ildə Çexslovakiya dövlətinin yaradılmasının əsas memarlarından biri kimi tarixdə qalıb. Həmçinin o, Slovakiyada dövlət qurucularından biri hesab olunur. 1919-cu ildə Bratislava yaxınlığında təyyarə qəzası nəticəsində 38 yaşında dünyasını dəyişib. Bu gün Milan Rastivlav Ştefanik Slovakiyanın Milli Qəhrəmanları arasındadır. Qəhrəmanın adını daşıyan muzeylər, küçələr və Bratislavada hava limanı mövcuddur.
Məlumat üçün qeyd edək ki, Baş Qərvənd kəndinin inşasında Slovakiya şirkətləri də iştirak edirlər. Kənddə inşası nəzərdə tutulan məktəb isə Slovakiya tərəfindən Azərbaycana hədiyyə olunur. Ümumi ərazisi 480 hektara yaxın olan kəndin tikintisi 2 mərhələdə aparılacaq. Birinci mərhələ 200 hektardan çox sahəni əhatə edir. Bu mərhələdə 3703 nəfərin yaşayışı üçün 851 fərdi ev inşa olunacaq. Evlərdən 170-i ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.
Məktəbin ərazisi 3 hektardır. Binada ümumilikdə 35 sinif, texnologiya, hərbi hazırlıq, kompüter otaqları, kitabxana, fizika, biologiya və kimya laboratoriyaları yaradılacaq.
Burada, həmçinin, akt və idman zalları, bufet və digər zəruri tədris infrastrukturu olacaq.
Binanın elektrik təchizatını təmin etmək üçün Günəş panellərinin quraşdırılması nəzərdə tutulur.
Məktəbin ərazisində həm şagirdlər, həm də sakinlər üçün qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri yaradılacaq, yaşıllıq zolaqları salınacaq.




