“Ailəmiz – ən güclü dəyərimiz” şüarı altında festival keçirilib
İyunun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Ailəmiz – ən güclü dəyərimiz” şüarı altında festival təşkil edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, festivalın panel sessiyasında açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, müasir dövrdə ailələrin birlikdə keyfiyyətli vaxt keçirməsi və sağlam ünsiyyətin qorunmasının cəmiyyətin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını deyib. Qeyd edib ki, sürətlə dəyişən dünya, informasiya texnologiyalarının inkişafı və artan informasiya axını ailədaxili münasibətlərə təsir göstərərək ünsiyyətin azalmasına səbəb olur.
Ailədaxili münasibətlərin zəifləməsi və fərdiyyətçiliyin güclənməsinin ailə institutunun qarşısında duran əsas çağırışlardan olduğunu vurğulayan A.Sofiyeva, ailə dəyərlərinin möhkəmləndirilməsi, vətəndaş məsuliyyətinə malik gənclərin yetişdirilməsi və ailələrin birgə fəaliyyətinin təşviqinin xüsusi əhəmiyyətinə diqqət çəkib.
Çıxışda həmçinin qeyd olunub ki, Azərbaycan dövləti ailələrin rifahının yaxşılaşdırılması və ailə institutunun gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir. Bildirilib ki, ailə artıq təkcə sosial institut deyil, həm də dövlətin dayanıqlı inkişafı üçün strateji resurs hesab olunur. Bu istiqamətdə yeni konseptual sənədlərin hazırlanması üzərində iş aparıldığı və mövcud çağırışların belə bir yanaşmanı zəruri etdiyi diqqətə çatdırılıb.
Sessiyada ailə institutunun möhkəmləndirilməsi, gənclərin inkişafında ailənin rolu, ailə dostu şəhər mühiti, rəqəmsal dövrdə ailə münasibətləri, eləcə də emosional zəkanın ailədaxili ünsiyyətə təsiri kimi aktual mövzular müzakirə olunub.
Çıxışlarda ailənin milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin sağlam formalaşmasında əsas rol oynadığı vurğulanıb. Qeyd edilib ki, ailə institutunun möhkəmləndirilməsi, ailə dostu şəhərlərin formalaşdırılması, sağlam ailə münasibətlərinin təşviqi, gənclərin uğurunda ailə dəstəyinin əhəmiyyəti, eləcə də rəqəmsal dövrdə uşaqların təhlükəsizliyinin təmin olunması, süni intellekt və sosial şəbəkələrdən təhlükəsiz istifadə, fərdi məlumatların qorunması, valideyn-övlad ünsiyyətinin gücləndirilməsi və sağlam psixoloji mühitin yaradılması güclü cəmiyyətin formalaşmasının əsas şərtləri kimi dəyərləndirilib.




