Ali təhsildə imkan bərabərsizliyini necə aradan qaldırmaq olar? - Andreas Şleyxer

30 Oktyabr, 2025 - 14:21
30 Oktyabr, 2025 - 14:22
 0  4
Ali təhsildə imkan bərabərsizliyini necə aradan qaldırmaq olar? - Andreas Şleyxer

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və səriştələr departamentinin direktoru Andreas Şleyxerin növbəti məqaləsi ali təhsildə imkanlar məsələsinə həsr olunub.

“Azərbaycan müəllimi” xəbər verir ki, “Ali təhsildə imkan bərabərsizliyini necə aradan qaldırmaq olar?” adlı məqaləsində A. Şleyxer qeyd edir ki, son illərdə dünya ölkələrində ali təhsilin səviyyəsi indiyədək görünməmiş dərəcədə yüksəlib. OECD-yə üzv ölkələrdə gənclərin demək olar ki, yarısı universitet və ya digər ali təhsil formalarını bitirir. Hazırda gənclərin təxminən 48%-i bu səviyyəyə çatır, halbuki 2000-ci ildə bu göstərici 27% idi. Bu şəxslər adətən daha yüksək gəlir əldə edir, daha sabit iş yerlərinə malik olur və cəmiyyətdə daha fəal iştirak edirlər. Bu misilsiz nailiyyət siyasətçilərin atdığı addımların nəticəsidir. Lakin ali təhsil imkanlarının genişlənməsinə baxmayaraq, “Education at a Glance 2025” hesabatı davamlı bir problem, aşağı sosial-iqtisadi təbəqələrdən olan uşaqların üzləşdiyi bərabərsizlik məsələsini önə çıxarır.

İmkan bərabərsizliyi iqtisadi və sosial mobilliyə ciddi zərbə vurur

Məlumatlar göstərir ki, bir çox OECD ölkələrinin təhsil sistemlərinin mərkəzində imkan bərabərsizliyi dayanır. Valideynləri ali təhsilli olan bir gəncin ali təhsil diplomu əldə etmə ehtimalı, orta hesabla, valideynləri orta məktəbi belə bitirməmiş bir gəncə nisbətən təxminən üç dəfə çoxdur. Bu fenomen sadəcə ailədən gələn bir təsadüf deyil, sosial və iqtisadi bərabərsizliyi gücləndirən dərin qurumsal strukturların nəticəsidir. Bəzi ölkələrdə vəziyyət daha acınacaqlıdır: valideynləri məktəbi bitirməmiş gənclərin cəmi 3%-i ali təhsil ala bilir. Bu isə o deməkdir ki, ali təhsilli valideynlərin övladları ilə müqayisədə onların məzun olma ehtimalı 21 dəfə azdır.  

Bu imkan bərabərsizliyi iqtisadi və sosial mobilliyə ciddi zərbə vurur. Lakin bəzi ölkələr bunun qaçılmaz olmadığını və hətta dəyişdirilə biləcəyini sübut edir. Danimarka, İngiltərə və Belçikanın Flaman icması məqsədyönlü tədbirlər vasitəsilə ali təhsil əldə etmə fərqini azalda biliblər. Məsələn, Danimarka siyasətçiləri təhsil və karyera istiqamətində konsaltinq xidmətlərinə xüsusi diqqət yetirib və ənənəvi akademik göstəricilərə əsasən potensialı nəzərdən qaçan namizədlər üçün alternativ qəbul yolları təklif ediblər.

Bəzi ölkələrdə uşaq bağçası haqqı universitet ödənişlərindən çoxdur

OECD təhsil bərabərsizliyi ilə mübarizə üçün bir sıra siyasət tədbirləri tövsiyə edir. Körpələr evi və uşaq bağçasına davamiyyət ilk baxışda universitet təhsili ilə əlaqəsiz görünsə də, keyfiyyətli erkən uşaqlıq təhsilinə bərabər çıxış həlledici əhəmiyyət daşıyır. Araşdırmalara görə, güclü erkən təhsil sisteminə üstünlük verən ölkələrdə həm akademik nəticələr, həm də sosial ədalət göstəriciləri daha yüksək olur. Buna baxmayaraq, bir çox ölkədə bu sahəyə dövlət xərcləri azdır və bəzi yerlərdə ailələrin özəl töhfələri olduqca yüksəkdir. Hətta bəzi ölkələrdə uşaq bağçası haqqı universitet ödənişlərindən çoxdur, bu isə sosial ədalət baxımından uğursuz reseptdir.

Bərabər təhsil imkanlarına çıxış həyati əhəmiyyət kəsb edir

Uşaqlar böyüdükcə, bərabər təhsil imkanlarına çıxış yenə də həyati əhəmiyyət kəsb edir. OECD-nin PISA tədqiqatının məlumatları göstərir ki, imtiyazlı 15 yaşlı şagirdlər bütün ölkə və iqtisadiyyatlarda imkansız yaşıdlarından daha yaxşı nəticə göstərirlər. Bəzi yerlərdə sosial-iqtisadi status akademik nəticələrin 20%-dən çox fərqini izah edir. Bu isə göstərir ki, təhsil siyasəti ya bərabərsizliyi dərinləşdirə, ya da azalda bilər. Əgər aztəminatlı məktəblərə çatışmazlıqlarını kompensasiya edəcək qədər resurs ayrılmasa, məktəblər arasında sosial və akademik təcrid artacaq və nəticədə fərqlər daha da dərinləşəcək.

Siyasətçilər həmçinin ali təhsilə daxilolmanın daha inklüziv və müxtəlif yollarını təşviq etməlidirlər. Məsələn, peşə təhsili alan tələbələr, çox vaxt imkansız təbəqələrdən olanlar üçün xüsusi ali proqramlar yaratmaq olar. Bu, ənənəvi universitet qəbul qaydalarının tez-tez diqqətdən kənarda qoyduğu bu qrup üçün fürsətləri artırar. Universitet proqramları çox vaxt nəzəriyyəyə əsaslandığı üçün bu tələbələrin gətirdiyi praktiki təcrübə ilə uyğunlaşmır.

Bundan əlavə, ali təhsil tələbələri üçün məqsədyönlü maliyyə dəstəyi genişləndirilə bilər. Məsələn, təhsil haqları yüksək olan ölkələrdə gəlirə bağlı kreditlər tətbiq edilə bilər, məzunlar təhsillərini gələcək qazanc səviyyələrinə uyğun şəkildə ödəyə bilərlər. Qrantlar və təqaüdlər isə həm təhsil, həm də yaşayış xərclərini qarşılamağa kömək edir. Belə tədbirlər tələbələrin təhsil alarkən maddi risklərini azaldır və onların işlə təminat tapmaq əvəzinə oxumağa fokuslanmalarına şərait yaradır.

Lakin sadəcə universitetlərə daxilolmanı asanlaşdırmaq kifayət deyil, təhsili uğurla başa vurmaq da əsas problemdir. 30-dan çox OECD və tərəfdaş ölkələrdə aparılan məlumatlar göstərir ki, bakalavr tələbələrinin cəmi 44%-i universitet proqramlarını vaxtında bitirir. Kişilərin göstəricisi qadınlara nisbətən 14 faiz aşağıdır. OECD bu problemi həll etmək üçün məqsədyönlü akademik və karyera bələdçiliyi, həmçinin qısa kurslar təklif edir ki, bu da planlaşdırmanı, kredit yığımını və tələbə fəallığını artırır. Bundan əlavə, tələbələrə göstərilən dəstək onlarda ali məktəbə mənsubiyyət hissini gücləndirir ki, bu da davamiyyət üçün vacibdir.

İbtidai təhsilin əsas bacarıqların formalaşmasında rolu

Bütün bunlara baxmayaraq, bir çox məzun əsas bacarıqlardan məhrumdur. Məsələn, oxu bacarığında ali təhsilli yetkin insanların 13%-i OECD testlərində yalnız 1-ci səviyyə və ya daha aşağı nəticə göstərir, yəni sadəcə qısa və tanış mövzularda mətnləri anlaya bilir. Bu, təhsil sistemlərinin bütün mərhələlərinin səmərəliliyini sual altına alır. Əgər insanlar universitetləri əsas bilikləri mənimsəmədən tərk edirlərsə, bu, sistemin daha erkən mərhələlərindəki boşluqlara işarə edir. Deməli, ibtidai və orta məktəblər əsas bacarıqları formalaşdıra bilmədikdə, ali təhsil bu problemləri təkbaşına həll edə bilməz. Bu da erkən müdaxilənin və uşaqlıq, yeniyetməlik dövrlərində məqsədyönlü dəstəyin vacibliyini vurğulayır.

İmkansız tələbələr uğur qazandıqda, cəmiyyət bütövlükdə fayda görür

Ali təhsilin genişlənməsi həm fərdlərə, həm də cəmiyyətlərə böyük fayda gətirib. Lakin indi əsas məqsəd bu faydaların hamı arasında ədalətli şəkildə bölüşdürülməsini təmin etməkdir. Aztəminatlı təbəqələrdən olan bir çox insan artıq ali təhsil alaraq daha yaxşı işlər tapır, bu isə öz növbəsində bacarıqlı və rəqabətədavamlı işçi qüvvəsinin formalaşmasına, iqtisadi artıma və sosial bərabərsizliyin azalmasına xidmət edir. Amma hələ də kifayət qədər aztəminatlı gənc öz potensialına uyğun təhsil almaq imkanından məhrumdur. Mesaj aydındır: imkansız tələbələr uğur qazandıqda, cəmiyyət bütövlükdə fayda görür.

Siyasətçilər bərabərsizliyi aradan qaldırmaq üçün daha fəal addımlar atmalı və aşağı sosial-iqtisadi təbəqələrdən gələn uşaqların üzləşdiyi çətinlikləri azaltmalıdır ki, təhsilin gətirdiyi faydalardan hamı bərabər şəkildə yararlana bilsin.