Məcburi köçkünlər universiteti bitirənədək güzəştlərdən yararlanacaqlar - Deputat
Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmlərinin mərhələli şəkildə yeni modelə keçirilməsi planlaşdırılır.
Bununla bağlı məsələ Milli Məclisin sabah keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna təklif edilən yeni dəyişikliyə əsasən, qanunda nəzərdə tutulmuş sosial müdafiə tədbirləri məcburi köçkünlərin məcburi köçkün statusunu itirdikləri gündən üç il müddətində qüvvədə olacaq.
Eyni zamanda bu qanun qüvvəyə mindiyi tarixədək dövlət ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan və təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilən məcburi köçkünlərin təhsil haqqı onlar təhsilini başa vurduğu müddətədək dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Mövzu ilə bağlı “Azərbaycan müəllimi”nə danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev bildirib ki, məcburi köçkünlər üçün daha 3 il müddətində sosial dəstək tədbirləri həyata keçiriləcək:
“Bu müddətdə ali məktəbə qəbul olan məcburi köçkünlərin övladları universiteti bitirənə qədər güzəştlərdən istifadə edəcəklər. Eyni zamanda yeni qəbul olunanlar da bu güzəştlərdən sona qədər istifadə edəcəklər. Dövlət tərəfindən məcburi köçkünlərin övladlarının təhsil haqları da ödəniləcək”.




