Alimlər 100 ildən sonra kosmik şüaların sirrini açan yeni qanunauyğunluq aşkarlayıblar
“DAMPE” kosmik teleskopunun əldə etdiyi yeni məlumatlar alimlərə yüz ildən artıqdır araşdırılan kosmik şüaların mənşəyi və davranışı ilə bağlı mühüm sirrin açılmasına imkan verib.
“Azərbaycan müəllimi” sciencedaily.com-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu “Nature” jurnalında dərc olunub və araşdırma kosmik şüaların enerji spektrində bütün hissəciklər üçün ortaq xüsusiyyətin mövcud olduğunu ortaya çıxarıb.
Kosmik şüalar kainatda müşahidə edilən ən yüksək enerjili hissəciklər hesab olunur və onların supernova partlayışları, qara dəliklərdən çıxan axınlar və pulsarlar kimi güclü kosmik hadisələr nəticəsində yarandığı düşünülür.
2015-ci ildə orbitə buraxılan “Dark Matter Particle Explorer” (“DAMPE”) teleskopu kosmik şüaları və qaranlıq maddə ilə mümkün əlaqələri araşdırmaq üçün hazırlanıb. Layihədə İsveçrənin “Cenevrə Universiteti”nin Nüvə və Hissəcik Fizikası Departamentinin alimləri də iştirak ediblər.
Araşdırma zamanı alimlər protonlardan dəmir nüvələrinə qədər müxtəlif kosmik hissəciklərin enerji səviyyələrində ortaq davranış modeli müşahidə ediblər. Tədqiqat göstərib ki, hissəciklərin sayı müəyyən enerji həddindən sonra daha sürətlə azalır. Bu proses elm adamları tərəfindən “spektral yumşalma” adlandırılır.
Mütəxəssislər bildirirlər ki, kosmik şüaların enerjisi artdıqca onların sayı normal olaraq azalır, lakin “DAMPE” məlumatları təxminən 15 teraelektron-volt sərtlik səviyyəsindən sonra azalmanın kəskin sürətləndiyini göstərib.
Araşdırma nəticələri kosmik şüaların sürətlənməsi və kainatda yayılmasının əsasən maqnit sahələrinə qarşı müqaviməti ifadə edən “sərtlik” anlayışı ilə idarə olunduğunu təsdiqləyir. Alimlər alternativ nəzəriyyələrin isə demək olar tam şəkildə istisna olunduğunu qeyd ediblər.
Tədqiqatda süni intellekt texnologiyalarından da istifadə olunub. “Cenevrə Universiteti”nin alimləri teleskopun topladığı məlumatların emalı üçün xüsusi AI metodları hazırlayıblar.
Bundan əlavə, alimlər “DAMPE” teleskopunun əsas komponentlərindən biri olan “Silicon-Tungsten Tracker” sisteminin hazırlanmasına rəhbərlik ediblər. Bu cihaz kosmik hissəciklərin trayektoriyasını və elektrik yükünü dəqiq müəyyən etməyə imkan verir.
Alimlərin fikrincə, yeni nəticələr yüksək enerjili hissəciklərin qalaktikada necə hərəkət etdiyini və hansı mexanizmlərlə yarandığını anlamaqda mühüm addım hesab olunur.



