Alimlər fundamental kvant qanununu ilk dəfə sübut etdilər

18 Avqust, 2025 - 16:45
Alimlər fundamental kvant qanununu ilk dəfə sübut etdilər
Alimlər fundamental kvant qanununu ilk dəfə sübut etdilər

Finlandiyanın Tampere Universiteti alimləri Almaniya və Hindistandakı həmkarları ilə birlikdə fizikanın ən əsas qanunlarından birini – bucaqlı impulsun qorunması qanununu kvant səviyyəsində ilk dəfə təcrübədə təsdiqləyiblər.

“Azərbaycan müəllimi” xəbər verir ki, aparılan araşdırma göstərib ki, hətta tək bir foton iki hissəyə bölündükdə belə, onların bucaqlı impulsunun (OAM) cəmi sıfır olmalıdır. Məsələn, fotonlardan biri +1 OAM-ə malikdirsə, digəri -1 OAM daşıyır. Beləliklə, 1 + (-1) = 0 prinsipi kvant aləmində də qüvvədə qalır.

Tədqiqat çox çətin şəraitdə aparılıb, çünki yalnız hər milyardıncı foton cütlüyə çevrilə bilib. Yüksək dəqiqlikli optik qurğular və səbirli ölçmələr sayəsində alimlər bu fundamental qanunu təsdiqləyə biliblər.

Maraqlı məqamlardan biri də odur ki, tədqiqat zamanı foton cütlərinin ilk dəfə dolaşıqlıq əlamətləri də müşahidə olunub. Bu isə gələcəkdə kvant rabitəsi, kvant şəbəkələri və hesablama texnologiyaları üçün yeni imkanlar aça bilər.

Tədqiqatı aparan komandanın rəhbəri professor Robert Fickler bildirib ki, bu iş yalnız nəzəri deyil, həm də praktiki baxımdan mühüm əhəmiyyət daşıyır:

“Bu nəticə bizi bütün parametrlərdə dolaşıq foton cütləri yaratmağa və yeni nəsil kvant texnologiyalarına bir addım daha yaxınlaşdırır”.

Alidə Məmmədova,
III “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçısı