“Anam üçün çəkdiyim rəsmi daha çox sevirəm” - 12 yaşlı rəssam
Bu yaxınlarda Beynəlxalq Rəssamlar Günü ilə bağlı Babək Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirildi. Burada dərnək üzvü Sunay Qurbanlının çəkdiyi rəsmlərdən ibarət sərgi diqqətimizi cəlb etdi.
“Azərbaycan müəllimi” olaraq onu tanımağa qərar verdik.
Sunay Qurbanlı 2013 - cü ildə Naxçıvan şəhərində anadan olub. Hazırda Babək rayon Araz kənd ümumi orta məktəbinin 7- ci sinif şagirdidir. Uşaqlıqdan rəsmə marağı olub, deyir ki, bağça yaşlarından rəsmlə məşğuldur: “İlk rəsm müəllimim Naxçıvan şəhər 2 nömrəli İncəsənət məktəbinin müəllimi Gülnarə Hüseynova olub. Daha sonra Babək rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəsm müəllimi Gülnarə Kərimova ilə rəsm fəaliyyətimə davam etmişəm”.
Rəsmə olan marağını da özü kəşf edib və o zamandan üzərində işləməyə başlayıb: “Əsasən vətənpərvərlik mövzusunda daha çox rəsmlərim var, lakin mənzərələr və başqa mövzularda da rəsm çəkməyi sevirəm. Ümumilikdə 30-a yaxın rəsm əsərim var”.
Sunay məktəbdaxili rəsm müsabiqlərində iştirak edib və diplomla təltif olunub. Sonuncu sərgisindən danışaraq deyir ki, gələcəkdə ən böyük istəyi fərdi sərgisini təşkil etməkdir: “Bu həyatda ən böyük dəstəkçim anamdır. Təbii ki, digər ailə üzvlərim də mənə dəstək olur, motivasiya verirlər. Müəllimlərim hər zaman rəsm əsərlərimi dəyərləndirib və önə çıxarıblar”.
İstedadlı şagird rəsm çəkməklə yanaşı, dəsrlərini də yaxşı oxuyur. Deyir ki, bütün fənləri çox sevir: “Amma ingilis dili, təsviri incəsənət, coğrafiya, biologiya və tarix fənlərini daha çox sevirəm”.
Əlbəttə, bütün əsərlər onun yaradıcılğının məhsuludur və bunun üçün əmək sərf edir. Amma hər bir müəllifin həmişə daha çox sevdiyi və ürəyini qoyduğu əsəri var. Sunay da bütün rəsm əsərlərinin onun üçün dəyərli olduğunu söyləyir: “Lakin anam üçün çəkdiyim rəsmi ("Çətir tutan qadın" ) və 44 günlük müharibəni əks etdirən rəsmimi daha çox sevirəm”.
O, gələcəkdə tanınmış rəssam olmaq və rəssamlıq üzrə də təhsilini davam etdirmək istəyir.
12 yaşlı gənc istedad rəssamlıqdan əlavə, heykəltaraşlıq mövzusuna da toxunur, çünki “yeni və maraqlı ideyalar yaratmağı sevirəm”, - deyir.
Yaradıcılığı sevən bu məktəbli gələcəyin tanınmış rəssamı olmağa namizəddir.


