Anar İsgəndərov: Sertifikatlaşdırmanın əhatə dairəsinin genişləndirilməsi vacibdir
Azərbaycanda təhsilverənlərin sertifikatlaşdırmasının həyata keçirilməsinə 2022-ci ildə başlanılıb. Həmin ildən indiyədək ölkədə 65 minə yaxın müəllim bu prosesə cəlb edilib ki, onların da 55 min nəfəri bu mərhələni uğurla keçib. Proses nəticəsində müəllimlərin 38 min nəfərdən çoxunun əməkhaqqına 10 faiz, 17 min nəfərdən çoxunun əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə əməkhaqqına 10 faiz əlavə tətbiq olunmuş müəllimlərin orta aylıq əməkhaqqı 980 manata, 35 faiz əlavə tətbiq olunan müəllimlərin orta aylıq əməkhaqqı 1295 manata yüksəlib.
Növbəti ildə əlavə 20 mindən çox müəllimin bu prosesə cəlb olunacağı nəzərdə tutulub. Bu məqsədlə 2025-ci ilin ilin dövlət büdcəsindən əlavə 60.8 milyon manat olmaqla, ümumilikdə sertifikatlaşdırma çərçivəsində əməkhaqqı əlavələri üçün 154.4 milyon manat vəsaitin ayrılacağı proqnozlaşdırılır.
Qeyd edək ki, sertikatlaşdırmaya cəlb ediləcək müəllimlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Ölkədə məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin, eyni zamanda məktəbdənkənar təhsil müəssisələrinin məşqçi-müəllimlərin də sertifikatlaşdırılacağı gözlənilir.
“Azərbaycan müəllimi”nə sertifikatlaşdırmanın əhəmiyyəti haqqında danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərovun sözlərinə görə, bu proses uzun illər məktəbdə işləyən bəzi müəllimlərin öyrətmə bacarığının olmadığını üzə çıxarır. Bu, onu göstərir ki, bəzi müəllimlər ya tədris etdiyi fənni yaxşı bilmir, ya da zəif bilir: “Sertifikatlaşdırmanın sadə bir tərifi var. Müəllim öz ixtisası üzrə imtahan verib uğur qazanırsa, diferensial əməkhaqqı sistemi əsasında maaşında artım baş verir, uğur qazanmırsa, məktəbdə işləyə bilmir. Burada qeyri-adi bir şey yoxdur, çox sadə məntiqdir. Həyatın bütün sahələrində belədir. İdmançının o zaman uğur qazandığını deyirik ki, o, hansısa yarışda I, II, ya III yeri tutur. İdmançı ən yüksək nəticə qazanandığı zaman təltif olunur. Müəlim bu sahənin öyrədənidirsə, onun imtahanda çətinliyi, imtahan verməklə bağlı problemi olmamalıdır. Çünki söhbət onun uzun illər tədris etdiyi fəndən gedir”.
Sertifikatlaşdırma Elm və Təhsil Nazirliyinin Azərbaycan təhsilinə gətirdiyi uğurlu hadisələrdən biridir
Deputat hesab edir ki, hansısa müəllim bu prosesdə uğursuz nəticə göstərirsə, problemi özündə axtarmalıdır: “Araşdıranda məlum olur ki, müəllim 90-cı illərin əvvəllərində hansısa yolla diplom əldə edib. Minlərlə saxta diplomlar üzə çıxdı. Bəziləri elə diplom əldə etdiyi yollardan istifadə edərək məktəbə yol tapıb. Nəticə bu gün sertifikatlaşdırmada üzə çıxır”.
Komitə sədri sertifikatlaşdırmanın ilk növbədə müəllimin xeyrinə olduğunu deyib: “Müəllimin nüfuzu artır, əməkhaqqı yüksəlir, müəllim diqqət mərkəzində olur. İmtahanda yüksək nəticənin də, uğursuzluğun da nəticələri geniş müzakirə olunur”.
A.İsgəndərov qeyd edib ki, Elm və təhsil komitəsinin sədri kimi ona müraciət edən müəllimlərin sertifikatlaşdırılmasının nəticələri ilə maraqlanır: “Özüm də müəllim olduğum üçün ilk növbədə bu nəticələrlə maraqlanıram. Nəticəsi qənaətbəxş olmayan, dünənə qədər müəllim adı daşıyan vətəndaşlardan soruşuram: 20 ildir tədris etdiyiniz fənn sualları aydın idimi? Sertifikatlaşıdırmada proqramdan kənar sual vardımı? Elə isə topladığınız bal niyə aşağı olub? Burada serifikatlaşdırmanın günahı nədir? Müraciət edən başqa iş istəyir. İstər-istəməz düşünürsən ki, uzun illərdir tədris etdiyi fəndən heç nə bilməyən şəxsə hansı işi etibar etmək olar?”
Deputatın fikrincə, sertifikatlaşdırma Elm və Təhsil Nazirliyinin Azərbaycan təhsilinə gətirdiyi uğurlu hadisələrdən biridir: “Bu gün müəllim adını qorumaq, onların uğurlarını nümayiş etdirmək, əməkhaqqının artımı üçün ən yaxşı vasitə sertifikatlaşdırmadır. Üstəlik, bu proses ən sadə, ən şəffaf yolla həyata keçirilir: müəllim, kompüter, başqa heç kim. Bundan yaxşı, ədalətli nə ola bilər ki?! İndiki Azərbaycan 30 il əvvəlki ölkə deyil. Qalib Azərbaycanın təhsil sahəsində də uğurları olmalıdır. Təhsil insan həyatında yeganə sahədir ki, hamının evinə daxil olur. Hamının evində şagird, valideyn, müəllim var. Savadlı, vətənpərvər, ziyalı insan yetişdirmək Azərbaycan təhsilinin başlıca məqsədidir. Ziyalı kimi hesab edirəm ki, sertifikatlaşdırma müsbət hadisədir. Onun əhatə dairəsinin genişləndirilməsi vacibdir. Bu proses şagirdlərin şəxsiyyət kimi yetişməsində rol oynayan müəllimlərin işinin keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyətə malikdir”.


