Anar Nağıyev: Qələbənin nəticələrinin ali təhsil və elmi müəssisələrdə öyrənilməsi vacibdir

6 Noyabr, 2025 - 11:58
Anar Nağıyev: Qələbənin nəticələrinin ali təhsil və elmi müəssisələrdə öyrənilməsi vacibdir

“Yeni dövrdə milli kimliyin inkişafı zəfərin gətirdiyi dəyərlər və möhkəmlik üzərində formalaşır”.
 
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Bakı Slavyan Universitetində Zəfər Günü ilə əlaqədar keçirilən “Müasir Azərbaycanın inkişafı konsepsiyası və milli kimlik” adlı konfransda universitetin rektoru Anar Nağıyev səsləndirib.

Rektor tədbir iştirakçılarını Zəfər Günü münasibətilə də təbrik edib:

“Zəfərimizin 5-ci ildönümü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Bu zəfərin bizə yaşatdığı sevinc həm də böyük məsuliyyət yaradır. Yeni dövrün Azərbaycanının formalaşmasında hər birinizə uğurlar arzu edirəm”.

Anar Nağıyev qeyd edib ki, tədbirin əsas məqsədi Azərbaycanın inkişaf konsepsiyası və milli kimlik məsələlərinin Zəfər Günü kontekstində müzakirəsidir:
“Qələbənin bizə bəxş etdiyi tarixi və mənəvi nəticələrin ali təhsil və elmi tədqiqat müəssisələri tərəfindən dərindən öyrənilməsi vacibdir. Müharibədən və zəfərdən sonra bizim dünyagörüşümüz, özümüzə və cəmiyyətə baxışımız dəyişib. Biz daha da bütövləşmiş, möhkəmlənmiş bir millətə çevrilmişik”.

Rektor vurğulayıb ki, bu dəyərlər çərçivəsində vətəndaş institutu, fərdi məsuliyyət və milli özünüdərk anlayışları daha da güclənib. Bu səbəbdən də bu cür tədbirlərin və elmi müzakirələrin keçirilməsi son dərəcə vacibdir”.