Nurlan İsmayılbəyli: Həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblər üzrə vakansiya seçimi başlayır
“2026-2027-ci tədris ili üzrə müəllimlərin işə qəbulu üzrə imtahan mərhələsi 14-18 iyul tarixlərində təşkil olunub. Müsabiqənin test imtahanı mərhələsi cari ildə yüksək davamiyyətlə başa çatdırılıb”.
“Azərbaycan müəllimi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, müsabiqənin test imtahanı mərhələsində 32 min 175 namizəd iştirak edib:“Müsabiqədə 96% davamiyyət qeydə alınıb. Müsabiqənin növbəti mərhələsi olan vakansiya seçimi mərhələsi üzrə faktiki yaşayış yerində həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakansiyalar üzrə seçim mərhələsinə 8 avqust 11:00-dan etibarən start veriləcək. Mərhələ 10 avqust 11:00-da tamamlanmış olacaq. Burada əsas məqsəd faktiki olaraq rayonlarda yaşayan namizədlər üçün həmin rayonların mərkəzinə, 5 kilometrdən 20 kilometrə qədər məsafədə kəndlərdəki ümumi təhsil müəssisələrinə dayanıqlı kadr təminatının həyata keçirilməsidir. Məlumat üçün qeyd edim ki, ötən il 1519 namizəd bu mərhələdə uğur qazanaraq müəllim adını qazanıblar”.
N.İsmayılbəyli qeyd edib ki, növbəti mərhələdə isə müsabiqənin test imtahanı mərhələsində müvafiq tələbləri ödəyən bütün namizədlərin vakansiya seçiminə start veriləcək:“Avqust ayının ikinci yarısından isə müsahibə mərhələsinə start verilməsi nəzərdə tutulur. Bütün müsahibə iştirakçılarına xatırlatmaq istəyirik ki, vakansiya seçimlərini tamamladıqdan sonra təsdiq etməyi unutmasınlar və seçimləri edən zaman digər namizədlərlə də bağlı məqamları nəzərə alsınlar. Onların yanlış seçimi digər bir neçə ballıq əmsalla geridə qalmış namizədin vakant yerləri tutmasına çətinlik yarada bilər”.
Şöbə müdiri vurğulayıb ki, müəllimlərin işə qəbulu qaydalarına əsasən vakansiya seçimində əvvəlcə şəhid ailəsi üzvləri iştirak edir: “Daha sonra isə digər namizədlər üçün vakansiya seçiminə start verilir. Onu da qeyd etmək yerinə düşər ki, müsabiqədə iştirak etməmiş və vakansiya seçmək imkanı qazanmış şəhid ailələri müsabiqənin minimum tələblərini qarşılayan namizədlərdir. Vakant yerlərlə bağlı onu qeyd etmək lazımdır ki, hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 90%-i sertifikatlaşdırma prosesini uğurla tamamlayıb. İlkin növbədə dövlət ümumi təhsil müəssisələrində sertifikatlaşdırma prosesini uğurla tamamlamaları, diaqnostik qiymətləndirmələri nəzərə alınmaqla dərslərin bölgüsü həyata keçirilir. Daha sonra isə yalnız ehtiyac duyulan istiqamətlər üzrə müəllimlərin seçiminə start verilir. O nöqteyi-nəzərdən vakant yerlərin seçimi yalnız yay ayları ilə məhdudlaşmır. Tədris ili ərzində də yeni yaranan vakant yerlərə kadr təminatı həyata keçiriləcək”.




