“Uşaqlıqdan müəllim olmağı arzulamışam...” – MİQ-dən REPORTAJ
Müəllim peşəsinə aparan yol artıq uzun illərdir ki, vahid qaydalarla müəyyənləşir. Son on ildə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi vasitəsilə həyata keçirilir. Bu sistem məktəblərə qəbul olunan müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsini təmin edir. Təsadüfi deyil ki, son on ildə MİQ yolu ilə işə qəbul olunan müəllimlərin 99,8 faizi sertifikatlaşdırma prosesindən uğurla keçib, onların təxminən 80 faizi isə yüksək nəticə göstərib.
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin iyulun 14-dən başlayan test imtahanları 18-dək davam edəcək. İmtahanlar ölkənin 19 şəhərində yerləşən 38 imtahan mərkəzində keçirilir. Biz də həmin mərkəzlərdən birində imtahandan çıxan müəllim namizədlərlə söhbətləşdik.
İmtahan bitdikdən sonra mərkəzin qarşısına toplaşanlar arasında ilk dəfə MİQ-də iştirak edən yeni məzunlar da, illərdir arzuladığı nəticə üçün yenidən imtahan verənlər də, topladığı balı artıraraq başqa məktəbdə və ya başqa bölgədə işləmək istəyən müəllimlər də var... Yüksək nəticəsinə sevinən də vardı, gözlədiyi balı toplaya bilmədiyi üçün heyifsilənən də.
İmtahan mərkəzindən ən sevincli ayrılan namizədlərdən biri Esmira Əliyeva idi. 2013–2017-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan Esmira müəllim 2020-ci ildə MİQ müsabiqəsi ilə Tovuz rayonunda müəllim kimi işə qəbul olunub. Hazırda Orxan Cabbarov adına Qovlar şəhər inteqrasiya təlimli internat tipli gimnaziyada daimi əsaslarla müəllim kimi çalışır.
Bu dəfə isə məqsədi başqadır. Bakıda yaşayan müəllim 95,25 bal toplayaraq paytaxt məktəblərində fəaliyyətini davam etdirmək istəyir. İmtahan barədə danışarkən daha çox sualların praktik tərəfinə diqqət çəkir: “Suallar asan, orta və çətin səviyyələr üzrə bölünmüşdü. Mənə görə, daha çox tətbiqi xarakter daşıyırdı. Müəllimin məktəbdə hər gün qarşılaşdığı situasiyalar – şagird-müəllim, müəllim-müəllim münasibətləri, yaranan problemlərin həlli ilə bağlı suallar idi. Düşünürəm ki, bunlar məktəbdə çalışan müəllimin cavablandırması mümkün olan suallar idi”.
Esmira Əliyeva deyir ki, ixtisas suallarının hamısını düzgün cavablandırıb. Kurikulum bölməsində isə üç səhvi olub, bir sualı cavablandırmayıb.
2020-ci ildə MİQ vasitəsilə müəllim kimi fəaliyyətə başlayan müsahibimiz sistemi də müsbət qiymətləndirir: “Hər kəs öz biliyinə əsasən qiymətləndirilir. Məncə, MİQ müəllimlərin işə qəbulunda şəffaf mexanizmdir. İndi ən böyük arzum ilk seçim turunda uğur qazanmaq və Bakıda işləməkdir”.
Yüksək nəticə göstərən müəllimlərdən biri də Fəridə Baxşizadə idi. 2014-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təsviri incəsənət müəllimliyi” ixtisasını bitirən müəllim artıq altıncı dəfə MİQ imtahanında iştirak edir. Hazırda Bakı məktəblərindən birində müddətli müqavilə ilə çalışır. Ötən il 90,05 bal toplayan Fəridə xanım bu il nəticəsini 92,5 bala yüksəldib.
Maraqlıdır ki, yüksək nəticə göstərməsinə baxmayaraq, builki imtahanı əvvəlki illərlə müqayisədə daha mürəkkəb hesab edir: “Məncə, iştirak etdiyim imtahanlar arasında ən çətini bu il oldu. Xüsusilə ixtisas suallarında cavab variantları bir-birinə çox yaxın idi. Kurikulum sualları da daha çox situasiya tipli idi. Bəzi suallarda uzun müddət düşündüm. Həyəcanım da var idi. Elə buna görə imtahandan bir qədər tez çıxdım. İndi fikirləşirəm ki, bir az da vaxt ayırsaydım, cavabları yenidən yoxlasaydım, nəticəm daha yüksək ola bilərdi”.
Buna baxmayaraq, müəllim hesab edir ki, müəllimlərin işə qəbulu üzrə mövcud sistem ən doğru seçimdir: “Başqa cür olsaydı, yəqin ki, Bakıda işləyə bilməzdim. Düşünürəm ki, MİQ müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirən, şəffaf və ədalətli mexanizmdir”.
İmtahan barədə fikirlər isə bütün namizədlərdə eyni deyildi. Kimi kurikulum suallarını daha çətin hesab edir, kimi isə əksinə, məhz bu bölmədə pedaqoji təcrübənin üstünlük yaratdığını düşünürdü. 91,25 bal toplayan Zərnişan Məmmədli də ikinci fikirdə olanlardan idi.

2014–2018-ci illərdə Gəncə Dövlət Universitetində təhsil alan Z.Məmmədli universiteti bitirdikdən sonra müxtəlif illərdə Abşeron və Bakı məktəblərində müddətli müqavilə ilə müəllim kimi çalışıb. Son olaraq Sabunçu rayonundakı 337 nömrəli tam orta məktəbdə fəaliyyət göstərib. Müqaviləsi başa çatdıqdan sonra isə yenidən MİQ imtahanında iştirak edib. Onun sözlərinə görə, praktik təcrübə xüsusilə situasiya tipli sualların cavablandırılmasında ciddi üstünlük yaradır: “Suallara baxanda cavab bəzən aydın görünür. Amma situasiya tipli tapşırıqlarda artıq yaşadığınız hadisələri xatırlayırsınız. Sinifdə qarşılaşdığınız vəziyyətlər gözünüzün önünə gəlir və düzgün cavabı seçmək daha asan olur”.
Müəllim builki imtahan üçün xüsusi hazırlıq keçmədiyini də gizlətmir: “Əlbəttə, internetdə materiallara baxırdım, öz üzərimdə işləyirdim. Amma ayrıca intensiv hazırlığım olmayıb. Düşünürəm ki, MİQ müəllimlərin öz biliklərini nümayiş etdirməsi və şəffaf şəkildə işə qəbul olunması üçün ən düzgün yanaşmadır”.
Təcrübənin kömək etdiyini deyənlər olduğu kimi, nəticəsini əsasən hazırlığı ilə əlaqələndirən namizədlər də vardı.
Onlardan biri Səbinə Cəfərova idi. Bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində, magistr təhsilini isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Ekspertiza” ixtisası üzrə alan gənc müəllim builki imtahanda 90,5 bal toplayıb. Bu, onun ötənilki nəticəsindən xeyli yüksəkdir. Çünki ötən il imtahana ciddi hazırlaşmadan qatılıb və cəmi 50 bal toplamışdı.
Müsahibimiz deyir ki, bu dəfə məqsədi sadəcə imtahanda iştirak etmək yox, nəticəsini dəyişmək olub: “Bu il imtahana ciddi hazırlaşdım. Hazırlaşan biri üçün suallar normal səviyyədə idi. İxtisas suallarını rahat cavablandırdım. Kurikulum bölməsində isə nəzəri suallar gözlədiyimdən çox idi. Mən hazırlıq zamanı daha çox situasiya tipli suallara üstünlük vermişdim”.
Hələ məktəbdə müəllim kimi fəaliyyət göstərməsə də, ən böyük arzusunun məhz buna nail olmaq olduğunu deyir: “Uşaqlıqdan müəllim olmağı arzulamışam. Bilirəm ki, illərdir MİQ-də iştirak edib hələ də işə qəbul oluna bilməyən müəllimlər var. Ümid edirəm ki, topladığım bu nəticə ilə mən də müəllim kimi fəaliyyətə başlaya biləcəyəm”.
90 bal toplayan Emilya Babayeva isə artıq məktəb mühitinə bələddir. O, 2023–2024-cü tədris ilində müddətli müqavilə ilə müəllim kimi çalışıb. Hazırda işləməsə də, yenidən məktəbə qayıtmaq üçün MİQ imtahanında iştirak edib.
Hazırlığını əsasən özü təşkil etdiyini deyən Emilya son üç ay ərzində daha intensiv çalışdığını bildirir: “Əsasən, internet resurslarından istifadə etdim. Özüm hazırlaşdım. Həm ixtisas, həm də metodika sualları mənə normal gəldi. Düşünürəm ki, hazırlaşan müəllimlər üçün imtahan o qədər də çətin deyildi”.
O, müəllim kimi işləməsinin bəzi sualları cavablandırarkən üstünlük yaratdığını da vurğulayır: “Praktik təcrübə bəzi suallarda həqiqətən kömək etdi. Məktəbdə qarşılaşdığımız vəziyyətlər imtahandakı bəzi tapşırıqlarda da öz əksini tapmışdı”.
E.Babayeva növbəti tədris ilində də Bakı məktəblərində fəaliyyət göstərmək istədiyini deyir.
İmtahan mərkəzində söhbətləşdiyimiz namizədlər arasında texnologiya müəllimliyi üzrə yüksək nəticə göstərənlərdən biri də Vüsalə Babayeva idi. Azərbaycan Dövlət Pedaqoji Kollecinin məzunu olan Vüsalə xanım ötən il MİQ müsabiqəsi ilə Bakıdakı 329 nömrəli məktəbdə müddətli müqavilə əsasında çalışıb. Bu il isə yenidən imtahan verərək 88,75 bal toplayıb.
Onun sözlərinə görə, ixtisas sualları rahat olsa da, kurikulum bölməsində cavab variantlarının bir-birinə yaxın olması daha çox düşünməyi tələb edib: “İxtisas sualları mənə çox rahat gəldi. Kurikulum suallarında isə cavab variantları bir-birinə çox bənzəyirdi. Buna görə seçim etmək üçün daha çox düşünmək lazım gəlirdi”.
Vüsalə müəllim hesab edir ki, müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi namizədlər üçün bərabər imkan yaradır: “İnsan hazırlaşaraq öz biliyi ilə nəticə əldə edir. Məncə, MİQ müəllimlərin işə qəbulunda daha ədalətli və şəffaf mexanizmdir”.
İmtahan mərkəzindən ayrılan müəllimlər arasında Xədicə Əlizadənin hekayəsi isə bir qədər fərqli idi. 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini “Təsviri incəsənət müəllimliyi” ixtisası üzrə qırmızı diplomla bitirən gənc müəllim ötən il ilk MİQ imtahanında 81,5 bal toplasa da, uyğun vakansiya olmadığı üçün işlə təmin olunmayıb. Bu dəfə imtahana xüsusi hazırlaşmadığını özü də etiraf edir: “Düzünü desəm, ötən il işə qəbul oluna bilməməyim həvəsimi qırmışdı. Elə buna görə də bu il xüsusi hazırlaşmadım. Amma yenə də imtahanda iştirak etmək istədim. Əvvəlki biliklərimə əsaslanaraq sualları cavablandırdım və 83,75 bal topladım”.
Hazırda təsviri incəsənət müəllimi kimi özəl mərkəzlərdə çalışan Xədicə uyğun vakansiya olacağı təqdirdə Bakı və ya ona yaxın ərazilərdə işləmək istədiyini deyir: “Uyğun vakansiya olsa, məktəbdə işləmək istəyirəm. Əsas məqsədim müəllim kimi fəaliyyətə başlamaqdır”.
Artıq imtahan mərkəzinin qarşısı seyrəlməyə başlayırdı. Bir qədər əvvəl nəticələrini həyəcanla yoxlayan müəllim namizədləri indi müxtəlif istiqamətlərə üz tuturdular. Kimisi topladığı baldan razı idi, kimisi isə növbəti il daha yaxşı nəticə göstərəcəyinə inanırdı. Amma hamısını birləşdirən ortaq məqam müəllim olmaq arzusu idi...




