"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir

15 May, 2026 - 11:22
"Apple" tələbə və müəllimlər üçün endirimlərə nəzarəti sərtləşdirir

"Apple" artıq təhsil mağazasından endirimli məhsul almaq istəyən istifadəçilərin həqiqətən tələbə və ya müəllim olduğunu rəsmi şəkildə yoxlamağa başlayıb.

“Azərbaycan müəllimi” xarici KİV-ə istinadən xəbər verir ki, şirkət yeni qaydalara əsasən alış zamanı istifadəçilərin təhsil müəssisəsi ilə əlaqəsini təsdiqləyən sənədlər tələb edəcək. Bu məqsədlə "Apple" “Unidays” adlı üçüncü tərəf yoxlama platforması ilə əməkdaşlıq edir.

Şirkətin açıqlamasına görə, hazırkı və yeni qəbul olunmuş tələbələr, onların valideynləri, müəllimlər, təhsil müəssisələrinin əməkdaşları və evdə təhsil verən şəxslər endirim hüququndan yararlana biləcəklər. Əksər istifadəçilər üçün təsdiqləmə prosesi dərhal həyata keçirilsə də, bəzi hallarda yoxlama 24 saata qədər davam edə bilər.

Qeyd edək ki, indiyədək "Apple" təhsil mağazasında alış-veriş zamanı istifadəçilərə etibar prinsipi tətbiq olunur və istənilən şəxs tələbə və ya müəllim olduğunu bildirərək endirimdən yararlana bilirdi. Şirkət 2022-ci ildə də oxşar yoxlama sistemi tətbiq etsə də, istifadəçi narazılığı səbəbindən bu addımdan geri çəkilmişdi.

Bununla yanaşı, "Apple" ilk dəfə olaraq "Apple Watch" modellərini də təhsil mağazasındakı endirim kampaniyasına daxil edib. Ekspertlər hesab edirlər ki, yeni yoxlama qaydaları səbəbindən bəzi istifadəçilər "Apple" məhsullarını "Amazon", "Best Buy" və digər satış platformalarında daha sərfəli qiymətə əldə etməyə üstünlük verə bilərlər.