ASSET fəaliyyətə kompüter elmləri üzrə bakalavr proqramı ilə başlayır - Friederike Hettinger
“AZCON Mühəndislik və Texnologiya Məktəbi (ASSET) Bakıda kompüter elmləri, məlumat elmi, süni intellekt və kibertəhlükəsizlik sahələrində regional mükəmməllik mərkəzinin yaradılması istiqamətində uzunmüddətli öhdəliyin başlanğıcıdır. Bu mərkəz özünü doğrultmuş akademik model əsasında qurulur”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri “TUM International GmbH”nin (TUMint) icraçı direktoru Friederike Hettinger AZCON Mühəndislik və Texnologiya Məktəbinin təqdimatına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, AZCON Mühəndislik və Texnologiya Məktəbi Münhen Texniki Universitetinin (TUM) akademik bazası üzərində formalaşdırılır:
“TUM Avropanın ən nüfuzlu universitetləri sırasında daim ön sıralarda yer alır. Biz indi həmin ekosistem yanaşmasını Azərbaycana gətiririk. Bu modeli birdəfəlik ekspert dəstəyi kimi deyil, sistemli, strukturlaşdırılmış və uzunmüddətli tərəfdaşlıq formatında təqdim edirik. Təşəbbüsün akademik inkişafına sahə üzrə tanınmış alim, professor Hussam Alroush rəhbərlik edir. Onun tədqiqat fəaliyyəti, beynəlxalq nüfuzu və elmi liderliyi ASSET-ə ilk gündən güclü akademik baza qazandırır”.
Friederike Hettinger qeyd edib ki, ASSET həm nazirlər, həm də TUM rəhbərliyi tərəfindən vurğulanan akademik keyfiyyət və məzunların yüksək məşğulluq göstəricilərini müəyyən edən eyni meyarlar əsasında qurulacaq: “Bunlar beynəlxalq universitetlərin proqramların keyfiyyətini təmin etmək üçün tətbiq etdiyi əsas standartlardır. ASSET-də tələbələr aparıcı akademik ekspertlərlə birgə hazırlanmış proqramlar üzrə təhsil alacaqlar. Dərslər Münhen Texniki Universitetinin mütəxəssisləri ilə əməkdaşlıq çərçivəsində keçiriləcək və tədris prosesi beynəlxalq keyfiyyət standartlarına uyğun təmin olunacaq. Azərbaycanın Qafqazın rəqəmsal mərkəzinə çevrilməsi üçün böyük potensialı var və ASSET bu potensialın reallaşdırılması üçün mühüm platformadır.
ASSET yüksək potensiala malik tələbələri kompüter elmləri, süni intellekt və kibertəhlükəsizlik sahələrində qabaqcıl səviyyəyə çatdırmaq məqsədilə yaradılıb. Fəaliyyətə kompüter elmləri üzrə bakalavr proqramı ilə başlayırıq, növbəti mərhələdə isə kompüter mühəndisliyi proqramı təqdim olunacaq. Paralel olaraq, onlayn təlimlər və Münhenə təşkil ediləcək səfərlər vasitəsilə intensiv müəllim inkişaf proqramları həyata keçiriləcək”.



