Astaralı gənc tədqiqatçı Türkiyədə maksimum elmi nəticə göstərib
Astara rayonunun Bio kəndində doğulub böyüyən 24 yaşlı gənc tədqiqatçı Peyman Əliyev Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Türkiyədə doktorantura pilləsi üzrə uğurlu elmi fəaliyyətini davam etdirir.
"Azərbaycan müəllimi" xəbər verir ki, uşaqlıq illərini Astaranın zəngin təbiətə və meşə ekosisteminə malik Siyaku inzibati ərazi dairəsinin Bio dağ kəndində keçirən P.Əliyevdə gənc yaşlarından meşələrin qorunması və öyrənilməsinə böyük maraq yaranıb və o, gələcək fəaliyyətini məhz bu sahənin inkişafına həsr etməyi qarşısına məqsəd qoyub.
Peyman Əliyev 2019-cu ildə Lənkəran Dövlət Universitetinin Aqrar Mühəndislik fakültəsinin "Meşəçilik" ixtisasına qəbul olub və 2023-cü ildə bakalavr təhsilini yüksək nəticələrlə başa vurub. Elə həmin il təhsilini magistratura pilləsində "Meşə quruluşu" ixtisası üzrə davam etdirən gənc tədqiqatçı, 2025-ci ildə “Lənkəran meşələrində bitki örtüyünün yayılma qanunauyğunluqlarının tədqiqi” mövzusunda elmi araşdırmasını uğurla tamamlayaraq magistratura pilləsindən fərqlənmə (qırmızı) diplomu ilə məzun olub.
Elmi uğurlarını daha da genişləndirən gənc alim, 2025-ci ildə Hökumətlərarası Təqaüd Proqramı qalibi olaraq Türkiyənin nüfuzlu ali təhsil ocaqlarından sayılan İstanbul Universiteti-Cerrahpaşa Meşə Fakültəsinin Meşə mühəndisliyi üzrə doktorantura proqramına qəbul edilib.
Hazırda o, təhsil aldığı ali məktəbdə bütün semestrləri maksimum – 4.00/4.00 ortalama göstərici ilə başa vuraraq yüksək akademik uğura imza atıb. Gənc tədqiqatçının elmi fəaliyyətinin əsas istiqamətlərini meşə ekologiyası, uzaqdan zondlama, Coğrafi İnformasiya Sistemləri (CİS), peyk təsvirlərinin emalı və meşə ehtiyatlarının monitorinqi təşkil edir.
O, artıq müxtəlif elmi konfransların, eləcə də jurnallarda dərc olunmuş məqalə, layihə və tezislərin müəllifidir. Peyman Əliyev gələcək elmi fəaliyyətində müasir peyk təsvirləri və CİS texnologiyalarından istifadə etməklə doğulub boya-başa çatdığı Astara meşələrində bitki örtüyünün yayılma qanunauyğunluqlarını daha dərindən araşdırmağı, Azərbaycanın meşə ekosistemlərinin mühafizəsi və davamlı idarə olunmasına mühüm elmi töhfələr verməyi hədəfləyir.



